"Oyuna baxanda demək olmaz ki, məğlubiyyətə layiq idik" - VİDEO

"Oyuna baxanda demək olmaz ki, məğlubiyyətə layiq idik" - VİDEO

"Mediasport" "Neftçi"nin baş məşqçisi Yuri Vernidubun Azərbaycan Premyer Liqasının 23-cü turunun "Turan Tovuz"la oyunundan (0:1) sonra baş tutan mətbuat konfransını təqdim edir.


İlk məğlubiyyətinizi yaşadınız. Bu, komandaya necə təsir edəcək? Qəza kimi yanaşacaqsınız, ya necə?

– Nə vaxtsa bir məğlubiyyət olmalı idi. Oyuna baxanda demək olmaz ki, məğlubiyyətə layiq idik. Azından heç-heçə olmalı idi, qələbə də qazana bilərdik. Böyük epizodlar olmadı. Onlar bir şansı dəyərləndirdi, biz yox. Bununla barışmaq və işləmək lazımdır.

İkinci hissədə komandanın oyunu alınmırdı. “Şamaxı” ilə matçdakı hakim qərarları bu oyuna necə təsir etdi? Köklənmək problemi yox idi?

– Əlaqəsi yoxdur. Ümumi oyunda intensivlik var idi, amma ikinci hissə yaxşı alınmadı. “Turan Tovuz” zəif rəqib deyil. Üçüncü yerdədilər, amma bu gün onlardan pis oynamadıq. Buraxdığımız bir qol oyunun taleyini həll etdi.

Bu heyət hədəflərinizə çatmaq üçün yetərlidir?

– Dəfələrlə təkrar etmişəm, gələndən eyni heyətdir. Yalnız bir braziliyalı oyunçu (Breno Almeyda-red.) transfer etmişik və belə davam edəcəyik.

Hər iki cinah oyunçunuz zədəli idi. Onların yoxluğu oyuna necə təsir etdi?

– Ciddi bir şey olmadı. Məcburiyyətdən əvəzlənmə etdik. Amma bizdə 23 futbolçu var və hamısı oynamalıdır. Onlar bura oturmağa gəlməyib. Zədələrin nəticəyə ciddi təsir etdiyini düşünmürəm. Heç vaxt demirəm ki, mən yaxşıyam, oyunçular pis. Futbolçular hər oyun artırmağa çalışır.

İlk dəfə müsəlman ölkəsində işləyirsiniz. Komandanızda oruc tutanlar var. Bu, oyunçuların hazırlıq planına təsir edir?

– Həqiqətən təsiri var. Lakin tək bizdə deyil, digər komandalarda da eyni vəziyyətdir. Onlara nəsə qadağa qoymağa haqqım yoxdur. Bunların da öhdəsindən gələcəyik. Tək bizdə deyil, eyni şey “Turan Tovuz”da da var. 7-yə kimi yemək yeməmək və 8-də oyuna çıxmaq çətindir.

Özünüzdən əvvəlki məşqçilərdən fərqli olaraq, nə “komandanı hazırlamağa vaxt lazımdır” deyirsiz, nə də “mənim yığdığım komanda deyil". Gələcəkdə də bu sözləri deməyəcəksiniz?

– Mənə qədər burda bir məşqçi olub. Həmin məşqçi haqda nəsə deyə bilmərəm, bu, qeyri-etik olar. Həm də həmkarımdır. Mənə qədər olan hamı günahkardır demərəm. Hər zaman aldığın zərbəni dəf etməyi bacarmalısan və insan olaraq qalmalısan. Ona görə də indiyə qədər çalışdığım klublarda hər zaman nəticə olub.

“Qarabağ”la təxirə salınmış oyunun vaxtı açıqlanmayıb. Rəqib apreldə 3 dəfə “Sabah”a qarşı oynayacaq. Bu halda sizinlə oyunun may ayında keçirilməsini istəyə bilər. Bu dəfə də “Qarabağ”a güzəşt edəcəksiniz?

– Qərarı nə mən, nə “Qarabağ” verir. Mən bilən AFFA bu haqda qərar verir. Nə vaxt desələr, oynamağa hazırıq. Əlbəttə, biz də öz təkliflərimizi verəcəyik. Bildiyim qədərilə, hər iki tərəf tarixdə razılaşmalıdır. Sabah desələr, sabah oynayacağıq. “Qarabağ”a qarşı oynamaq mənim üçün də maraqlıdır. Güclü komandalara qarşı duellər yaxşı olur. Görməliyik ki, biz də oralara çatmaq üçün nələr etməliyik. Yolumuza davam edəcəyik.