"Yaxın 3 ildə avrokuboklarda azı pley-off oynamağı düşünürük"

"Bu gün futbol ictimaiyyəti üçün, xüsusən də "Turan Tovuz" üçün çox əlamətdar gündür. Təbii örtüklü meydançada məşq edə bilmək, oyunlara hazırlaşmaq komandanın işini asanlaşdıracaq. Bura 5 hektarlık ərazidir. Bu işləri gələcəkdə bəzi xərclərə qənaət etmək üçün bir mərhələ olacaq görürük".
"Mediasport" xəbər verir ki, bu sözləri bu sözləri "Turan Tovuz"un İdarə Heyətinin sədri Ehtiram Quliyev deyib.
Klub prezidenti Kürdəxanıda inşa edilən Hünər təlim-məşq bazasının ərazisində istifadəyə verilən təbii örtüklü meydançanın açılış mərasimində jurnalistlərin suallarını cavablandırıb.
Başqa klublar bu bazanı icarəyə götürmək istəsə, buna icazə verəcəksiniz?
- İlkin mərhələdə nəzərdə tutulmur. Biz dayanıqlı inkişaf planlaşdırmışıq. İki meydança da salınacaq, otel inşa olunacaq, burada əməkdaşlar çalışacaq. Xərcləri çıxarmaq üçün buranı digər klubların da istismarına verəcəyik. Bir çox klubumuz bu imkanlardan faydalanacaq.
Strateji planlarda "Turan Tovuz"un avrokuboklarda iştirakı hansı illərdə nəzərdə tutulub?
- Yaxın 3 ildə ən azı avrokuboklarda pley-off oynamaq, mümkün olsa, qrup mərhələsində iştirak etməyi düşünürük. Maddi-texniki bazamız o qədər geniş deyil. Tovuzda baxanın, buradakı təlim-məşq bazasının inşasına böyük xərclər gedib. Çıx asanlıqla bu pulu oyunçulara verməklə nailiyyətlər əldə edə bilərdik. Amma biz o yolu seçmədik. Hədəflərimizə doğru addım-addım irəliləyəcəyik. Artıq növbəti mərhələ haqda düşünməyin vaxtıdır.
Çox tələsən tovuzlu azarkeşlər var. Sizcə, onlar səbr edəcək?
- Bəli, səbr edəcəklər. "Turan Tovuz" azarkeşləri qələbədə də, məğlubiyyətdə də komandanın yanındadır. Komanda 9 il Premyer Liqada iştirak etmədi, amma onların sevgisi azalmadı. Heç bir şübhəmiz yoxdur, azarkeşlərimiz yanımızdadır.
"Turan Tovuz" Bakıda məskunlaşacaq, yoxsa Tovuzda?
- Tovuzda meydançaları istismara verəndən sonra komanda Bakıda məskunlaşmayacaq. Hazırda Tovuz şəhər stadionunun əsas meydançasının ot örtüyü sünidir. Orada bütün komandalarımız məşq edir. Bir neçə meydança lazımdır. Yay aylarından etibarən infrastruktur layihələrinə mərhələli şəkildə başlayacağıq. Layihə tam bitəndən sonra tamamən orada olacağıq. Gələn ildən Premyer Liqaya yeni bölgə klubları gələcək. Bu da bizim Bakıda az vaxt keçirməyimizə səbəb olacaq.
Tovuz şəhər stadionunun ot örtüyünün dəyişdirilməsinə AFFA dəstək olacaq?
- Şəxsi vəsaitimiz hesabına etməyi nəzərdə tuturuq. Çünki vaxtımız yoxdur. AFFA-nın görüləsi işləri çoxdur. Strateji plandan sonra bizə kimsə bir söz demədi. Qərar qəbul etdik ki, daxili imkanlar hesabına bu işi görək.
Akademiyanızın fəaliyyətini necə qiymətləndirirsiniz?
- Hazırda akademiyada 500-ə yaxın uşaq məşq edir. 50-dən çox uşaq 24 saat klubun bazasında qalır. Yaxın bölgələrdən Ağstafada, Tovuzun bir neçə kəndində futbol akademiyaları açmışıq. Biz özümüzü tək Tovuzun yox, bütün Qərb bölgəsinin komandası olaraq görürük. Nəinki qərbin, bütün Azərbaycanın komandasıyıq. Ona görə də xalqın komandası addım-addım istədiyimiz mərhələyə gələcək.