"Hamımız milli komandadan yaxşı oyun və sərfəli bir nəticə gözləyirik"

"Hamımız milli komandadan yaxşı oyun və sərfəli bir nəticə gözləyirik"

"Komandanın əhvalı çox yaxşıdır. Oyunçuların hamısı motivasiyalı və istəklidir. Mübarizəyə yaxşı başlamaq istəyirik və düşünürəm ki, elə də olacaq".

"Mediasport" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında AFFA-nın baş katibi Cahangir Fərəcullayev deyib.

O, DÇ-2026-nın seçmə mərhələsinin İslandiya - Azərbaycan oyunundan öncə media nümayəndələrinin suallarını cavablandırıb:

Milli komanda oyuna hazırdır? Baş məşqçi Fernandu Santuşun tələbi ilə yığma İslandiyaya daha tez gəldi. Maraqlıdır, bunun qarşılığında rəhbərliyin baş məşqçidən tələbi nədir?

- Bu məsələ Fernandu Santuşun bizdən tələbi deyildi, ümumi müzakirələrin yekunu idi. Biz də rəhbərlik olaraq danışıqları məqbul saydıq və icra etdik. Bizim milli komandadan tələbimiz yoxdur. Onlar özləri özlərindən tələb etməlidirlər. Məncə, edirlər. Hamımız milli komandadan yaxşı oyun və sərfəli nəticə gözləyirik.

Bildirdiniz ki, tələbiniz yoxdur. Bəs, vədiniz var?

- Fikrimcə, idmanda, xüsusilə, futbolda bir vəd vermək düzgün deyil. Futbolçular azarkeşləri sevindirmək üçün əllərindən gələni edəcəklər. Mükafat fondu komandanın daxili məsələsidir. Bizə nə lazımdır? Motivasiya? Oyunçular motivasiyalıdır. Sadəcə bunu bilmək yetərlidir.

Hansı nəticə sizin üçün məqbul sayılacaq?

- Hansısa bir idman növündə oyuna başlamaq istəyəndə qələbə qazanmaq istəyirsən. Biz də udmaq istəyirik.

Futbol ictimaiyyətində belə bir fikir formalaşıb: önümüzdəki iki matç Fernandu Santuşun Azərbaycan milli komandasında sonuncu oyunları ola bilər. AFFA rəhbərliyində də bu yöndə bir qənaət formalaşıb?

- Qənaət yoxdur. Bu, tsiklin ilk oyunudur. Qətiyyən bədbin düşünmək olmaz. Neqativ fikir formalaşsaydı, Fernandu Santuş burada olmazdı. Biz pozitiv fikirləşməliyik.

Adətən böyük turnirlərdən öncəsi AFFA prezidenti komanda ilə görüşürdü. Bu dəfə görüş gerçəkləşmədi?

- AFFA-nın rəhbərliyi komanda ilə görüşüb. Komandanın qayğıları ilə maraqlanıb. Yaxşı müzakirələr aparılıb. Gizli heç bir şey yoxdur. Bu, komandanın daxilində gerçəkləşib. Dost görüşü də adlandırmaq olar.

Azərbaycanın U-21 millisinin Portuqaliya ilə oyunundan gözləntiniz necədir?

- Ayxan Abbasov U-21 millidə çox böyük iş görüb. Yığmadan gözləntimiz yeni komandanın formalaşdırılması yönündədir. Püşk elə gətirdi ki, ən çətin rəqiblə qarşılaşmalı olacağıq və matç səfərdə keçiriləcək. Həmin sınaqdan üzüağ çıxmaq gözlənilir.