"O zaman mən də sakit, səbirli olacam" - Yuri Vernidub

"O zaman mən də sakit, səbirli olacam" - Yuri Vernidub

"Əvvəldən istəyim o olmuşdu ki, bu performansımız bir oyunluq olmasın, hər matçda belə olaq. Çünki futbolçularım bunu edə bilərlər".

"Mediasport" xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Yuri Vernidub deyib.

Ukraynalı mütəxəssis Azərbaycan Premyer Liqasının 18-ci turunun "Araz-Naxçıvan"la oyunu haqda danışıb, 4:0 hesablı qələbəni şərh edib.


Sizdən öncəki məşqçilər - Roman Qriqorçuk, Samir Abasov komandanın fiziki durumundan şikayətlənirdi. Bu gün isə komandada həm oyun intizamı var idi, həm də yüksək pressinq. Demək olar ki, qışda daha çox fiziki hazırlıq üzərində işləmisiniz? Bu yöndə enişin yaşanmaq təhlükəsi var, yoxsa mövsümün sonuna qədər bu fiziki durumu saxlaya biləcəksiniz?

- Fiziki vəziyyətdə daha yaxşı olmalıyıq, önümüzdə daha çox işlər var. Çünki komandanın fiziki durumu yaxşı olarsa, gözəl də oynayar, yaxşı pressinq edib, yaxşı hücumlar həyata keçirər. Bunların arxasında həm də sürət dayanır. Hətta oyundan əvvəl İmad Fərəc və Cordan Rezabala xəstlənmişdi, onlar yox idi. Heç bizimlə deyildilər. Çünki 5 gün xəstə oldular, digər oyunçular meydanda yaxşı görünürdülər. Bizdə ulduz yoxdur, kollektiv var. Hamı bir nəfər üçün, bir nəfər hamı üçün - bizim şüarımızdır. Ona görə hər biri ilə fəxr edirəm.

"Zirə" ilə ötən turda edə bilmədiyiniz nələri bu gün etdiniz? O matçı analiz edəndə futbolçulardan bu gün nəyi etməli olduqlarını istəmişdiniz?

- Demişdim ki, "Zirə" ilə oyun çətin idi. Düşünmürəm ki, "Zirə" ilə oyuna hazır deyildik. Orada psixoloji durum faktoru rol oynadı. Yoldaşlıq matçlarında gözəl oynamışdıq, məhz bu gün oynadığımız oyundakı kimi. Mənim üçün ən önəmlisi odur ki, futbolçuların hər biri bugünkü kimi oynaya bilsin. O zaman mən də sakit, səbirli olacam.

Freddi Varqasın zədisi nə dərəcədə ciddidir?

- Dəqiq deyə bilmərəm, ayağına tikiş qoyublar. Orada çox ciddi kəsik var. Ümid edirəm, hər şey yaxşı olacaq.

Azərbaycanlı futbolçular rəqabətə görə çox da oynamırlar. Onların icarəyə yollanmasına icazə verəcəksiniz?

- Heç kimi icarəyə verməyə hazırlaşmırıq. 22 futbolçumuz və 4 qapıçımız var. Buna qədər kim icarəyə verilibsə, olub. Hamısı oynamaq istəyir. Hər birinə şərait yaradacam. "Qəbələ"yə icarəyə verilən Rza Cəfərovu da izləyəcəyik.

Yəqin ki, "Qəbələ" sizin üçün doğma klubdur. Bu klubda oğlunuz möhtəşəm heyətin üzvü olub. Qarşıda bu komanda ilə reallaşacaq haqda nə düşünürsünüz?

- Mən o komandaya böyük hörmətlə yanaşıram, oğlum orada 3 il oynayıb. Hörmət başqa, oyun başqa. Mən "Neftçi"nin udmasını istəyirəm. "Qəbələ"nin də baş məşqçisi qələbə qazanmaq istəyər. Onlar da son oyunları udurlar, çox maraqlı matç olacaq.

Həm Andrey Ştoqrin, həm də Murad Məmmədov 90 dəqiqə oynamır. Bu, onların funksional hazırlığının 90 dəqiqə üçün hazır olmamasını göstərir, yoxsa necə?

- Ştoqrin oyunun gedişində dizindən zərbə aldı. Ona afərin ki, o cür vəziyyətdə olsa da, oynadı. Fiziki duruma gəldikdə, rahat şəkildə 120-130 dəqiqə qaça bilər. Özü əvəzetmə istədi. Hesab da bizə imkan verirdi ki, dəyişikliyə gedək. Eyni məsələ Murada da aiddir. 22 oyunçum var, hamısı oynamaq istəyir. Mütləq şəkildə bütün oyunçuların oynamasına şərait yaratmalıyam ki, daim ehtiyatda oturmasınlar, meydanda oyun göstərsinlər. Oyun praktikası tam başqadır, 30 dəqiqə oyun saatyarımlıq məşqdən daha faydalıdır. Şadam ki, dəyişə biləcək resurslarım var və oyunçular da yaxşı oynayırlar. Abubakar və Kurçi qol vurdu, çox gözəl, əla.