"Sponsor kluba pul ayırmadı, bu səbəbdən problemlər oldu"

"Sponsor kluba pul ayırmadı, bu səbəbdən problemlər oldu"

"Komandanın baş məşqçisi hələ də Elnur Abdullayevdir. Oyunları harada keçirəcəyimiz dəqiqləşməyib. Çox güman ki, Bakıda oynayacağıq. Yaxın müddətdə bu məsələ də müəyyənləşəcək".

Bu sözləri "Mediasport"a açıqlamasında "Şahdağ Qusar" klubuna rəhbər təyin edilən Rahid Əmirquliyev deyib.

Şimal təmsilçisinin futbolçusu ötən mövsüm 2-ci Liqada çempionluq yaşayan komandanın hazırda maliyyə cəhətdən problemlər yaşadığını bildirib:

"Sponsor kluba pul ayırmadı. Bu səbəbdən də yeni mövsümün əvvəlində bir az problemlər oldu. Biz keçən il 2-ci Liqada çempionluq yaşadıq. Komandanın 1-ci Liqada çıxış etməməsini istəməzdim. Klubun fəaliyyətini davam etdirməsinin tərəfdarıyam. Məsuliyyəti üzərimə götürdüm və klubun rəhbəri təyin edildim. Bizə dəstək olan Futbolun İnkişaf Fonduna (FİF) təşəkkür edirəm. Qusar futbolunun yaşamasına, ayaqda durmasına kömək edirlər".

Əmirquliyev "Şahdağ Qusar"ın 1-ci Liqada mövsümə hazırlıq durumundan da söz açıb və gənc futbolçulara yola davam edəcəklərini söyləyib:

"Klubun maddi durumu yaxşı vəziyyətdə deyil. Hazırda sponsor yoxdur. AFFA-nın ayırdığı məbləğlə çempionata başlayacağıq. Komandamız yarışa hazırdır. Əksəriyyəti gənc futbolçulardır. Onlarla yola çıxacağıq. Hədəfimiz çempionluq deyil. Əsas öncəlik verdiyimiz məsələ çempionatı bacardığımız qədər yuxarı pillədə başa vurmaqdır. 1-ci Liqada yerimizi möhkəmlətmək istəyirik. Məqsədimiz hələlik budur. İnanırıq ki, gələcəkdə işlərimiz daha yaxşı olacaq. Daha güclü "Şahdağ Qusar" görəcəyik. Bu ümidlə işə başlayacağıq".

Xatırladaq ki, 2-ci Liqada çempion olduqdan sonra heyəti tamamilə yola salan şimal təmsilçisi 2025-26 mövsümünə yeni heyətlə start verəcək.