Azərbaycan millisi Avropa çempionatında finala çıxdı
Minifutbol üzrə Azərbaycan milli komandası Slovakiyada keçirilən Avropa çempionatında finala çıxıb.
"Mediasport" xəbər verir ki, yığmamız yarımfinalda Serbiya ilə üz-üzə gəlib.
1:1 hesabı ilə bitən gərgin matçın ardından penaltilər seriyasında daha dəqiq (3:1) olan futbolçularımız həlledici duelə vəsiqə qazanıblar.
Millimizin sabah baş tutacaq finalda rəqibi Ukrayna seçməsi olacaq.
Xatırladaq ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv bunadək qrupda Avstriya (1:0), İtaliya (3:0) və Fransa (3:2), 1/8 finalda Qazaxıstan (3:2), 1/4 finalda isə Çexiyanı (5:2) məğlub edib.


