Azərbaycanda oynamış dünya ulduzu Mourinyoya dəstək oldu

2019-cu ilin martından 2020-ci ilin sentyabrına qədər "Səbail"in formasını geyinmiş Mikael Essyen "Fənərbağça"nın baş məşqçisi Joze Mourinyoya dəstək olub.
"Mediasport" xəbər verir ki, dünya şöhrətli qanalı İstanbul derbisində "Qalatasaray"la görüşdən sonra irqçilikdə ittiham olunan portuqal mütəxəssislə şəklini paylaşaraq, onu müdafiə edib.
"Don Joze" matçdan sonra verdiyi açıqlamada rəqibin texniki zonası haqda danışarkən "meymun kimi tullanırdılar" deyib.
"Qalatasaray" tərəfi Mourinyonun irqçiliyə yol verdiyini iddia edərək, ona qarşı kampaniya və hüquqi prosedur başladıb.
Dünya futbolunun bir çox siması kimi, Essyen də məşqçinin irqçilik etmədiyini düşünür.
2005-2014-cü illərdə "Çelsi"də oynamış Essyen 3 il (2004-2007) Joze Mourinyonun rəhbərliyi altında çıxış edib.