"Formula 1": Paytaxt küçələri səhər və axşam açıq olacaq

"Formula 1" üzrə Azərbaycan Qran-prisi zamanı Bakı küçələri pik saatlarda açıq olacaq.
"Mediasport" xəbər verir ki, Bakı küçələri bu il də yarış həftəsində səhər və axşam saatlarında açıq olacaq.
19-21 sentyabrda keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran-prisi 2025 çərçivəsində paytaxt küçələrinin müəyyən hissələri nəqliyyat üçün istifadəyə veriləcək.
Şəhər sakinlərinin rahatlığı üçün tranzit dəhlizlər bu il də fəaliyyət göstərəcək.
Beləliklə, 15-17 sentyabrda səhər saat 07:00-09:00 və axşam saat 18:00-20:00-da, 18 sentyabrda səhər 07:00-09:00 və axşam 20:00-22:00-da trekin bəzi hissələrindən nəqliyyat vasitələrinin hərəkəti mümkün olacaq.
Giriş nöqtələri:
Salyan şosesindən → Neftçilər prospekti və Azneft dairəsi
M. Lermontov küçəsindən → BMT-nin 50 İlliyi küçəsi və İstiqlaliyyət
S. Vurğun küçəsindən → Ü. Hacıbəyli küçəsi və Bülbül prospekti
Bülbül prospektindən → Xəqani küçəsi və Neftçilər prospekti
Nizami və Puşkin küçələrinin kəsişməsindən → Xəqani küçəsi
Çıxış nöqtələri:
Neftçilər prospektindən → Bakı Dəniz Limanı və Crescent Mall
İstiqlaliyyət küçəsindən → Azərbaycan prospekti
Neftçilər prospektindən → Azneft dairəsi və Dəniz Mall
Bu yollar yalnız tranzit məqsədilə nəzərdə tutulur, dayanma və parklama qadağandır.
Bakı Formula 1 üzrə nadir şəhər traslarından biridir ki, yarış həftəsində belə pik saatlarda yollar açılır. 2024-cü ildə isə yarışdan sonra Bakı rekord sürətlə əvvəlki ritminə qayıdıb və cəmi 16 saata qoruyucu baryerlərin 60%-i sökülərək ərazidən çıxarılıb və şəhər bir gün ərzində tam bərpa olunub.