Premyer Liqanı hədəfləyən klub stadion probleminin həllinə başladı

Növbəti mövsümdən Premyer Liqada oynamağı hədəfləyən "İmişli" elit səviyyədə infrastruktur məsələlərinin həllinə başlayıb.
Aran təmsilçisi ilk olaraq əsas çatışmazlıq - Heydər Əliyev adına İmişli şəhər stadionunun ot örtüyünün vəziyyətinin yaxşılaşdırılması istiqamətində işlərə start verib.
Qazona baxış keçirmək üçün mütəxəssislər dəvət edən bölgə klubu yekun rəy əsasında arenanın ot örtüyünə əl gəzdirəcək.
Premyer Liqaya yüksələcəkləri təqdirdə isə qarşıdakı mövsümün sonunadək qazonun dəyişdirilməsi planlaşdırılıb.
Məlum olduğu kimi, AFFA növbəti mövsüm Premyer Liqaya vəsiqə qazanacaq 3 kluba stadionlarını mövcud standartlara uyğun formalaşdırmaq üçün bir il vaxt verəcək.
Bu mənada liqanın lideri "Qəbələ" problemlə üzləşməyəcək.
Əsas çətinlik çempionatda 2-3-cü yerlərdə gedən "İmişli" və "Karvan" komandalarındadır ki, hər iki tərəfin başlıca problemi stadionların ot örtüyüdür.
Bir neçə turdur ev oyunlarını Şamaxı Olimpiya Kompleksinin stadionunda keçirən "İmişli"dən fərqli, Yevlax şəhər stadionunun qazonunun vəziyyəti daha bərbaddır.
Mediasport.com.az