"Sevindirici haldır ki, 3 turdur məğlub olmuruq, xallar qazanırıq"

"Maraqlı oyun alındı. İki fərqli hissə izlədik. Məncə, ilk yarıda daha yaxşı oynadıq. İkinci hissədə həm orta xətdə, həm də cinahlarda "dişsiz" olduq. Sevindirici haldır ki, 3 turdur məğlub olmuruq, xallar qazanırıq".
Mediasport.com.az xəbər verir ki, bunu Azərbaycan Premyer Liqasının 23-cü turunun "Şamaxı" ilə oyunundan sonra "Kəpəz"in baş məşqçisi Azər Bağırov deyib.
Mütəxəssis 1:1 hesabı ilə başa çatan görüşdən sonra jurnalistlərin suallarını cavablandırıb.
Oyundan sonra çox əsəbi görünürdünüz. Aqressiyanız hakimlərə idi?
- Hakimlərə deyildi, öz futbolçularıma idi. Evdə qazanılan xallar çox vacibdir. Bu gün qələbə qazansaydıq, "Zirə" ilə matça fərqli motivasiya ilə çıxa bilərdik.
Matçdan əvvəl desəydilər ki, bu gün heç-heçə olacaq. İnanardınız?
- Maraqlı sualdır. Amma hər məşqçi meydana qələbə üçün çıxır. Həddindən artıq qələbə istəyirdik.
Müdafiənin mərkəzində problem hiss olunur?
- Cavan futbolçumuz Nemət Musayev var. Amma onu birdən-birə meydana atmaq istəmədik. Hələ qarşıda 13 tur var. Növbəti oyunlarda meydanada ola bilər. Mahamadu Ba da o mövqedə yaxşı oynadı. Orta xətt oyunçusunun orada oynaması problem deyil.
Əlinizdə olan heyətin potensialı artığına qadirdir?
- Günü-gündən daha yaxşı olmağa çalışırıq. Səhvlərin sayını azaltsan, daha sadə, səhvsiz oynasan, xallar qazanacaqsan. Futbolçulardan əsas tələbimiz odur ki, az səhv etsinlər. Çatışmazlıqlarımız çoxdur.
Fasilədə hücum xətinin iki oyunçusunu əvəzləməyinizin səbəbi nə idi?
- Daha çox cinahlarda oyun qurmaq istədik. Bəzi epizodlarda bu alınmadı. Səhv başqa yerdə idi. Mərkəz oyunçuları onları istədiyimiz ötürmələrlə təmin etmədilər. Camal Cəfərov və Trent Buhagiar sürətli futbolçulardır. Onların sürətindən yararlanmaq istəyirdik.