"Onu milliyə çağırmışdıq, qəbul etmədi" - Ayxan Abbasov
"Azarkeşlərə təşəkkür edirəm. Bu gün Sumqayıtda gözəl atmosfer var idi. Bilirdik ki, fərqli oyun olacaq. Bunu da gördük".
"Mediasport" xəbər verir ki, bu sözləri futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov deyib.
Mütəxəssis "FİFA Series - 2026" beynəlxalq turnirində Syerra Leone yığması ilə final oyunundan sonra mətbuat konfransında iştirak edib:
"Rəqib bizdən daha gümrah idi. İlk hissədə səhvlərimiz oldu. Hücumda aqressiv ola bilmədik. Rəqib bizi əks-hücumda tutdu.
Yaxşı müdafiə olunurdular. İkinci hissəyə dəyişikliklərlə başladıq, tempi yüksək tutmağımız yaxşı oldu, qol vurduq.
Çoxdandır ki, azarkeşlər penalti zərbələri görmürdü. Onlar üçün də maraqlı oldu. Bu turnirdə qalib olduğumuz üçün sevinirik.
Ancaq bu oyun bizim üçün siqnallar verdi. Biz də artırmalıyıq. Gələcək oyunlara baxacağıq. Çalışacağıq ki, Millətlər Liqasına hazır olaq".
Bu gün ilk dəfə Afrika təmsilçisi ilə qarşılaşdıq, ilk dəfə penaltilər seriyası oldu. Karyeranızda penaltilər seriyası deyəsən olmayıb. İlk penalti təcrübəsi haqda fikriniz necədir?
- "Sumqayıt"da işləyəndə olub, "Qarabağ"ı keçmişdik. Millidə bir az fərqli idi. Futbolçular bunun üzərində çalışmamışdı. Amma məşqdən sonra özlərini yoxlayırdılar. Soyuqqanlı olduqlarını göstərdilər. Bu da təcrübədir. Gələcəkdə milliyə xeyri olacaq.
“FİFA Series - 2026” turniri sizə nə verdi?
- Rəqibimiz olan Lixtenşteynin də qrupunu izləyirdik. Tanzaniya ilə oyunlarına baxmışıq. Zəif komanda yoxdur. Toplanışdan maksimum istifadə etmək istədik. Bir çox yeni oyunçular gəldi, onları sınaqdan keçirdik. Allah qoysa, xeyrini görəcəyik.
Sizin üçün optimal heyət formalaşdı?
- Oyundan-oyuna futbolçular özləri haqda fikir yaradılrar. Kimlərinsə zədəli olması işimizi çətinə sala bilər. İndi də zədəlilər var idi. İki komandanı da təhlil edirik. Litva həqiqətən möhkəm komandadır. Onlar evdə çox yaxşı çıxış edirlər. Şanslar bərabərdir. Çalışacağıq ki, qrupun qalibi olaq.
Rusiyanın "Torpedo" klubunda oynayan Sadıq Bagievi milliyə dəvət etmək planınız var?
- Bəyəndiyimiz oyunçular olsa, belə problemin baş verəcəyinə inanmıram. Təbii ki, izlədiklərimiz var. U-21 yığmamıza namizədlər var. İzləyirik. Sadıqa gəldikdə, rəsmi oyuna çağırmışdıq. U-21-in Portuqaliya ilə matçına dəvət etmişdik. Gəlsəydi, Rusiyada legioner sayılacaqdı. Belə deyək, qəbul etmədi. Yəni belə çıxdı. Rusiyada oynayan futbolçuları çağırırıq. Legioner statusu alırlar deyə, hardasa ehtiyat edirlər. Kim can atır, bura layiqdirsə, bizimkilərdən üstündürsə, niyə də olmasın?
