"Həmin döyüşdə başa düşürdüm ki, nə olursa-olsun, qalib gəlməliyəm"

"Həmin döyüşdə başa düşürdüm ki, nə olursa-olsun, qalib gəlməliyəm"

“Avropa birinciliyinə çox yaxşı hazırlaşmışdım. Təlim-məşq toplanışlarında istər milli, istərsə də şəxsi məşqçimlə çox əziyyət çəkmişdik və şükürlər olsun ki, bunun bəhrəsini gördük”.

"Mediasport" xəbər verir ki, bunu Serbiyanın Novi Pazar şəhərində yeniyetmələr arasında keçirilən Avropa birinciliyində çempion olan boksçumuz Əminə Tağı deyib.

50 kq-da qitənin ən güclüsü adına yiyələnən 15 yaşlı idmançı Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinə açıqlamasında təəssüratlarını bölüşüb.

O bildirib ki, yarışa yollananda hədəfi qızıl medal olub:

“Avropa birinciliyi mənim üçün uğurlu alındı. Özümə və bacarığıma arxayın idim. Yarımfinalda slovakiyalı Dominika Vnukova ilə qarşılaşdım və görüşdə tam üstünlüklə qalib gəldim.

Finalda rəqibim erməni Amest Afrikyan oldu. Həmin döyüşdə başa düşürdüm ki, nə olursa-olsun, qalib gəlməliyəm.

Həlledici qarşılaşmaya çox yaxşı hazırlaşmışdım. Məşqçilərim və ailəm görüş öncəsi əla motivasiya vermişdilər. Bunun da nəticəsində rinqdə inamlı mübarizə apardım və mənim üçün vacib olan qələbə qazandım. Sevincliyəm.

Mükafatlandırma da arenada deyil, şəhərin mərkəzində oldu. Novi Pazarda Azərbaycan himnini səsləndirdiyim üçün sevincimin həddi-hüdudu yoxdur”.

Əminə Tağı əsas məqsədini də açıqlayıb. Onun sözlərinə görə, ən böyük hədəfi Olimpiya Oyunlarında uğur qazanmaqdır:

“İndi etdiyim bütün məşqlər və əziyyətlər 4 illiyin möhtəşəm yarışına hesablanıb”.

Qeyd edək ki, Azərbaycanın qız boksçuları Avropa birinciliyində 1 qızıl, 3 gümüş və 3 bürünc medal qazanıblar.