"Çox yaxşı qol imkanımız oldu - Təəssüf ki, reallaşdıra bilmədik"

"Düşünürəm ki, taktiki baxımdan çox maraqlı oyun oldu. Biz bu oyuna planla gəlmişdik. Məğlub olmağımıza baxmayaraq, futbolçularımı yalnız tərifləyə bilərəm. Onlarla fəxr edirəm".
"Mediasport" xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas UEFA Avropa Konfrans Liqasının III təsnifat mərhələsinin "Levski" ilə ilk oyundan sonra (0:1) keçirilən mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis komandasının son dəqiqə qolu ilə məğlub olduğu matçda yaxşı mübarizə apardığını deyib:
"Rəqib səviyyəli komandadır, amma ilk hissədə bizim daha çox nəzarətimiz olan anlar var idi və hiss edirdim ki, bir az daha soyuqqanlı ola bilsəydik, daha yaxşı nəticə əldə edə bilərdik. İkinci hissədə isə, əlbəttə, rəqib baş məşqçisinin pressinqə qarşı bir həll tapacağını və bizi pressinqdən kənarlaşdırmaq üçün yollar axtaracağını gözləyirdik. Elə də oldu. Xüsusən də oyunun 60-cı, 68-ci dəqiqələrinə qədər Everton Balla daha dərin oynadı və orada əlavə oyunçu üstünlüyü yaratdı. Biz həmin anda bir az kompaktlığımızı itirdik və "Levski" üstünlük qazandı".
Çalışdırıcı Bolqarıstan təmsilçisinin azarkeşlərin dəstəyindən də yararlandığını bildirib:
"Stadionda möhtəşəm atmosfer var idi. Bu, ev sahibi komanda üçün böyük üstünlük idi. Düşünürəm ki, əgər stadionda bu atmosfer olmasaydı, fərqli nəticə ola bilərdi. İkinci hissədə bizim iki çox yaxşı qol imkanımız oldu. Təəssüf ki, onları reallaşdıra bilmədik. Amma bu, sadəcə, ilk oyundur. 90 dəqiqə geridə qaldı və indi "Levski"ni gələn həftə Bakıda qarşılayacağıq".