Qurban Qurbanov Antalyadakı son oyunları haqda nələr dedi?
“Toplanışın son günü idi. Hazırlıq dönəmində bütün futbolçularımızın oyunlarda 90 dəqiqə iştirak etməsini istədik".
"Mediasport" xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
Mütəxəssis Antalya hazırlığının son günündə keçirdikləri iki oyun haqda fikirlərini bölüşüb:
"Müəyyən səbəblərdən bəziləri bir qədər az oynadılar. Ümumilikdə keçirdiyimiz hər iki görüş yüksək səviyyədə alındı.
Ən əsası, intizamlı çıxış etməyə çalışdıq. Futbolçular yorğun olsalar da, bunu bacardılar.
İstirahətdən sonra birdən-birə 90 dəqiqə oynamaq heç də asan deyildi.
Ümumi hazırlığımızdan və futbolçularımızın işə yanaşmasından razı qaldım”.
Xatırladaq ki, Azərbaycan çempionu Türkiyədə sınaq qarşılaşmalarında üz-üzə gəldiyi hər üç dueldə qələbə qazanıb.
Komandamız "Neftçi"ni (Özbəkistan) 5:0, "Osiyek" (Xorvatiya) və "Zaqlebye"ni (Polşa) isə 3:1 hesabları ilə məğlub edib.
