Frank De Blekere məllim, Belçikada "Daldan atılan daş..." məsəli var?

Frank De Blekere məllim, Belçikada "Daldan atılan daş..." məsəli var?

AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının 26-cı turunun "Araz-Naxçıvan" - "Qarabağ" oyununda baş verən dava-dalaşla bağlı qərarlar çıxarıb.

Görüşün 83-cü dəqiqəsində “Araz-Naxçıvan”ın futbolçusu Felipe Santos təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalanıb.

Braziliyalıya 3 ay sınaq müddəti təyin olunub, klubu 3000 manat cərimə edilib.

"Qarabağ"ın oyunçuları - Elvin Cəfərquliyev və Musa Qurbanlı da təcavüzkar davranışa yol verdikləri üçün biri şərti olmaqla 2 oyunluq cəza alıb.

Onlara da 3 ay sınaq müddəti təyin olunub, Ağdam təmsilçisi 4000 manat cərimə ödəyəcək.

Matç başa çatdıqdan sonra meydançaya kənar şəxslər daxil olduğuna görə Naxçıvan klubu 800 manat ziyana düşüb.

İndi deyəcəksiz, hə, burda nə var ki, İntizam Komitəsi işini görür, olanları araşdırıb, ədalətli qiymət verib. OK!

Əvvəla, İntizam Komitəsi fil qulağında yatır deyəsən - oyunun üstündən 5 gün keçib, bu gün - martın 13-də qərar verilir - "Qarabağ"ın növbəti matçına iki gün qalmış. Paradoks!

Digər qəhqəhə burasındadı ki, İK-in çıxardığı qərarların heç biri meydanda baş verənlərlə uzlaşmır. Niyə?

Ona görə ki, Kamal Umudlunun idarə etdiyi qarşılaşmanın 83-cü dəqiqəsində ara qarışdı, məzhəb itdi, lakin Vətən müharibəsinin iştirakçısı olduğu deyilən Kamal meydanda olanları görmədi və ya görmək istəmədi, yaxud nədənsə-kimlərdənsə qorxdu, çəkindi. Və yaxud Umudlunun hakimlik səviyyəsi elə bu qədərdi.

Nəticədə o, yalnız ani qərarla Felipe Santosa qırmızı vərəqə verdi ki, bu, hadisələrin sonrakı mənfi gedişatının, sadəcə, başlanğıc fazasına yerində verilmiş qiymət idi. Bəs sonrası?

Bəs ən yaxşı adlandırdığımız Əliyar Ağayev?

Axı FİFA referimiz yuxarı başda - VAR-da oturmuşdu. Meydanda şərq-əlbəyaxa döyüş növlərinin mini səhnələri canlanmışdı, Əliyar da görmədi? Ağayev olanlara niyə heç nə baş verməmiş kimi davrandı?

Qərəz, indi AFFA-nın bu gün açıqladığı qərarlar nəyin nəsidi? Daldan atılan daş deyil bu? Görən, Belçikada da var bu məsəl?

Görəndə Hakimlər Komitəsinin sədri Frank De Blekerdən soruşacam, mütləq. Görmək qismət olsa.

Belçikalı mətbuata ənənəvi vatsapp mesajı ilə açıqlama da ötürtmür ki, bilək özünün ərşə çəkilməsinin, rəhbəri olduğu hakimlərinsə qaranlıq qərarlarının səbəbləri nədi...

AYXAN