"Azərbaycan milli komandasını olduqca ağır iki oyun gözləyir"

"İslandiya millisi ikinci mərtəbədə yaxşı mübarizə aparan, standart vəziyyətlərdə fərqlənməyi bacaran komandadır. Bu millinin futbolçuları çox yaxşı klublarda forma geyinirlər. Əsas milli komandamız üçün heç də asan matç olmayacaq. Necə olacağını bilmirəm".
Bu sözləri "Mediasport"a açıqlamasında Azərbaycan milli komandasının sabiq futbolçusu Tərlan Əhmədov deyib.
Mütəxəssis bu gün meydana çıxacaq əsas milli komandanın heyəti və mübarizə aparacağı rəqiblərdən söz açıb:
"Milli komandamız bu gün səfərdə İslandiya ilə oynayacaq. U-21 isə Portuqaliya ilə üz-üzə gələcək. Bizi asan oyunlar gözləmir. Məni ən çox düşündürən Premyer Liqada yerli futbolçuların az oynaması ilə bağlıdır. Avropa Liqasının və Konfrans Liqasının oyunlarında Azərbaycanı təmsil edən klubların heyətində çox az yerli futbolçunun oynadığını gördük.
Start heyəti formalaşdırmaq baş məşqçi Fernandu Santuş üçün çətin olacaq. Müdafiə xəttində kimlərin oynayacağı da bilinmir. Onların arasında Bəhlul Mustafazadə mütəmadi oynayır. Qapı xətti haqqında da eyni sözləri demək olar. Rza Cəfərov, Şahruddin Məhəmmədəliyev...Onların heç biri komandalarında əsas heyətdə çıxış etmirlər. Futbolçuların oyun praktikasının az olması yığma üçün problem olacaq. Bu, matçlarda özünü göstərəcək. Mahir Emreli legioner həyatı yaşayan futbolçulardandır. Qollar da vurur. Emin Mahmudov və Nəriman Axundzadə öz komandalarının əsas heyət üzvlərindəndir. Bir sözlə, yığmada forma geyinəcək futbolçuların çoxu özlərini tamamilə bərpa edə bilməyiblər. İslandiya evdə oynadığı üçün qalib gəlməyə çalışacaq. Qrupumuzda dörd milli komanda var. Fransa çox güclü olduğu üçün İslandiya və Ukrayna arasında ikinci yer uğrunda mübarizə gedəcək. Ukrayna futbolunun da necə olduğunu bilirik. Orada yerli futbolçular üzərində iş gedir. Klublarda əcnəbilərə çox üstünlük verilmir. Ukraynanın heyətində oyunun taleyini həll edə biləcək futbolçular çoxdur".
T. Əhmədov Fernandu Santuşla yanaşı, U-21-in çalışdırıcısı Ayxan Abbasovun da işinin çətin olacağını deyib:
"Azərbaycan milli komandasını çox ağır iki oyun gözləyir. Nəticələrin necə olacağı, millimizin hansı formada mübarizə aparacağı sual doğurur. Oyunçularımızın çoxu komandalarında mütəmadi olaraq əsas heyətə düşə bilmirlər. Legioner limiti ləğv edildiyi üçün klublar əcnəbilərə üstünlük verirlər.
Akademiyaların aqibəti necə olacaq? Bu da düşünməyə vadar edən suallardandır. U-21 millinin oyunlarında da hansı futbolçuların oynayacağı heç dəqiq bilinmir. Ayxan Abbasovun da işi asan deyil. Portuqaliyanın U-21 millisi sıradan komanda deyil.
Akademiyalarımızda işlər düzgün qurulmadığı üçün istənilən səviyyədə futbolçular yetişmir. Portuqaliya futbol ölkəsidir. Futbolçuları Avropanın öndə gələn klublarında oynayırlar. Bolqarıstanın U-21 millisinin hansı səviyyədə olduğunu bilmirik. İllər əvvəl bu milliyə uduzmuşuq. Ayxan Abbasovun işi çətindir. Faciəli nəticələr qeydə alına bilər. Əvəzedicilər Liqasında U-21-ə dəvət edilən oyunçular daha çox forma şansı qazanmalıdır".
Veteran futbolçu Azərbaycandakı akademiyaların durumu haqqında fikir bildirib və yerli futbolçuların daxili çempionatlarda daha çox oynamalı olduqlarını söyləyib:
"Samir Əliyev U-21-in baş məşqçiliyi dönəmində milli İngiltərə məğlub olduğu vaxt bir tədbirdəydik. Baş məşqçilərdən biri mənə dedi ki, rəqibin heyətində yer alan oyunçuların əzələlərini görəndə çox təəccübləndim. Sual verdim ki, siz nə üçün həmin işləri görməmisiniz? İşlər niyə qaydasında getmir? Biz əsas milli komanda üçün haradan futbolçu tapacağıq? Bəli, heyətə milliləşdirilmiş futbolçular cəlb olunacaq. Bu istiqamətdə addımlar atılır, danışıqlar gedir. Bu, çıxış yolu deyil.
Akademiyalarda işlər düzgün görülməli, oyunçular mütəmadi olaraq çempionatlarında çıxış etməlidirlər. U-21 millinin futbolçusu meydana çıxmalı və klubu mükafat almalıdır. Əks halda, cəzalar tətbiq edilməlidir ki, klublar yerli futbolçulara üstünlük versin. Əsas heyətin hamısının yerli futbolçulardan ibarət olmasını demirəm. Ən azından bir neçəsi meydana çıxmalıdır.
Əvəzedicilər Liqasının oyunlarını da izləyirəm. Vəziyyət ürəkaçan deyil. Komandalar normal iş ortaya qoymurlar. Hər halda, işlər düzgün getmədiyi üçün orada da durum belədir. Nə əsas millidə, nə də U-21-də uğurlu nəticələrin qeydə alınacağı real deyil. İnanıram ki, zamanla bu məsələlər həllini tapacaq. Nə İslandiya, nə Ukrayna, nə Portuqaliya, nə də Bolqarıstan sıradan yığmadır".
O, legioner limitinin ləğv edilməsi barədə fikirlərini bölüşərkən Ukrayna və Özbəkistan kimi ölkələrdə futbolun inkişafını nümunə gətirib:
"Milli komanda fiasko yaşayanda hamı deyəcək ki, bizdə futbol və futbolçu yoxdur. Limitin ləğv edilməsi heç klublarımıza da sərf etmədir. Təmsilçilərimizin avrokuboklardakı nəticələrini gördük. Legioner limiti məsələsinə yenidən baxılsa, yaxşı olar.
Niyə 19 yaşından sonra futbolçuları tapa bilmirik? Nə üçün 19 yaşından sonra futbolçular əsas heyətə düşə bilmirlər, çətinlik çəkirlər? Bu problemlər araşdırılmalı və həll edilməlidir. Ukrayna və Özbəkistanda olduğu kimi, nə üçün Azərbaycanda futbolçu yetişdirilmir?
3 ilə yaxındır işləmirəm. Futbolumuz zamanla geri gedir. Uğurun təməli yerli futbolçulardır. Milli komandalarımızın oyunlarında bizi hansı nəticələrin gözlədiyini yalnız Allah bilir. Gedişat işlərin yaxşı olacağını göstərmir".
Xatırladaq ki, DÇ-2026-nın seçmə mərhələsinin İslandiya - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 22:45-də, 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin Portuqaliya - Azərbaycan matçı isə 22:30-da start götürəcək.
Rövşən ƏLİSOY