"Futbolçularımız istəkli çalışdılar, təlim-məşq toplanışı pis keçmədi"
"Metallist 1925"lə matçda daha çox gənc futbolçular çıxış etdilər. Maraqlı, dinamik mübarizə oldu. Xeyli sayda qol epizodları yaratdıq".
"Mediasport" xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
Mütəxəssis dünən keçirilən yoldaşlıq oyunlarından söz açıb:
"Günün ikinci matçındakı rəqibimiz "Ferensvaroş" da çox yaxşı kollektiv idi. Ümumilikdə öz planımız üzrə hazırlaşdıq.
Pis alındığını deyə bilmərəm. Təbii ki, bir neçə gün vaxtımız olsaydı, daha yaxşı hazırlaşa bilərdik".
Çalışdırıcı Avstriyanın Tirol bölgəsində baş tutan təlim-məşq toplanışını dəyərləndirib:
"Komandamızda kifayət qədər dəyişikliklər edilib. Oyunçuların bir yerdə olmalarına ehtiyac var idi. Futbolçular istəkli çalışdılar, hazırlıqları, təlim-məşq toplanışı pis keçmədi. Oyun planı üzərində çalışmağa davam edəcəyik.
Ümumilikdə yaxşı hazırlıq alındı. Futbolçuların bir neçə günlük istirahətə ehtiyacları var. Qarşıda çox vacib oyunlar olacaq. Oyunçuları bu müddətdə yaxşı idman formasına salmağa çalışacağıq".
Xatırladaq ki, "Qarabağ" "Metallist 1925"ə 2:6, "Ferensvaroş"a 0:1 hesabı ilə məğlub olub.


