Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının açılış mərasimi oldu

Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının açılış mərasimi oldu

Seneqalın paytaxtı Dakarda Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilib.

"Mediasport" xəbər verir ki, Afrika qitəsində ilk dəfə təşkil olunan oyunların açılış mərasimi Abdulaye Vade stadionunda baş tutub.

Açılış proqramına əsasən, Afrikanın zəngin yerli mədəniyyətini, Seneqalın tarixi və adət-ənənələrini nümayiş etdirən xüsusi səhnələr canlandırılıb. Rəsmi hissədə hərbçilərin iştirakı ilə Seneqalın dövlət bayrağı stadiona gətirilib.

Olimpiya ənənəsinə əsasən, ilk olaraq Yunanıstan komandası paraddan birinci keçib.

Daha sonra digər ölkələrin nümayəndə heyətləri ilə birgə Azərbaycan yığma komandası da paraddan keçib.

Gender bərabərliyinə görə üçrəngli bayrağımızı üzgüçülərimiz - III MDB Oyunlarının qalibi və VI İslam Həmrəyliyi Oyunlarının bürünc mükafatçısı Süleyman İsmayılzadə ilə VI İslam Həmrəyliyi Oyunlarının bürünc medalçısı Məryəm Cavadova daşıyıb.

Noyabrın 13-dək davam edəcək mötəbər yarışda dünyanın müxtəlif ölkələrindən yeniyetmə idmançılar 25 idman növü üzrə mübarizə aparacaqlar.

Azərbaycan 8 növdə 13 idmançı ilə təmsil olunacaq.

İdmançılarımız Dakar Olimpiadasında çimərlik güləşi, üzgüçülük, taekvondo, boks, qılıncoynatma, şose velosipedi, cüdo və atletika idman növlərində yarışacaqlar.

Komandamızın heyətində çimərlik güləşi idman növündə dörd idmançımız - Günel Kərimli (55 kq), Elgün Kərimli (90 kq), Tunar Quliyev (70 kq) və Nihad Süleymanlı (80 kq), üzgüçülük yarışlarında Süleyman İsmayılzadə və Məryəm Cavadova, taekvondoda Zəhra İsayeva (44 kq) və Adil Kazımlı (73 kq), boksda Gülər Hüseynova (51 kq), qılıncoynatmada Abbas Hüseynov, şosse velosipedində Nihad Xudoyev, cüdoda İbrahim Talıbov (-55 kq), atletikada isə Daniil Şuvayev Azərbaycanı təmsil edəcəklər.