"İnanıram ki, "Şkendiya"nı Bakıdakı qarşılaşmada da məğlub edəcəyik"

"Qarabağ"ın növbəti mərhələyə vəsiqə qazanmaq və liqa mərhələsində mübarizə aparmaq üçün çox böyük şansı var. Komanda səfərdən sərfəli nəticə ilə qayıdıb. İnanıram ki, "Şkendiya"nı Bakıdakı qarşılaşmada da məğlub edəcəyik".
Bu sözləri "Mediasport"a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Amit Quluzadə deyib.
Gənc çalışdırıcı UEFA Çempionlar Liqasındakı yeganə təmsilçimiz "Qarabağ"ın 2025-26 mövsümündə liqa mərhələsinə adını yazdırması üçün çox yaxşı fürsətə sahib olduğunu deyib.
"Liqa mərhələsinə vəsiqə təmin etmək üçün mübarizə aparmalı olduğumuz rəqiblər də bəllidir. Bu ya "Ludoqorets" olacaq, ya da "Ferentsvaroş". Hər iki komandanı üstələmək olar. "Qarabağ"ın UEFA Çempionlar Liqasında liqa mərhələsinə adını yazdırması üçün çox gözəl şansı var. İnşallah, bu şansı dəyərləndirərlər".
Xatırladaq ki, Ağdam təmsilçisinin Şimali Makedoniya klubu ilə cavab oyunu avqustun 12-də Bakıda baş tutacaq.