"Köməkçisi bizə qarşı ədəbsizlik etmişdi" - Qurban Qurbanov
"Çox maraqlı, baxımlı, sürətli və dinamik oyun alındı. Stadionda gözəl atmosfer var idi. Hər iki komandanın futbolçularına, azarkeşlərinə təşəkkür edirəm".
"Mediasport" xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
Mütəxəssis Azərbaycan Premyer Liqasının 22-ci turunun "Sabah"la oyunu haqda fikirlərini bölüşüb:
"Hesab 1:0 olduqdan sonra böyük risklərə gedirdik. Rəqibin hücum xəttində sürətli və usta oyunçuları var, hər iki epizoddan istifadə etdilər. Amma bu futboldur, hesabın 3:3 olması oyunu daha da maraqlı etdi".
O, son dəqiqələrdə yaşanan gərginliklə bağlı bunları bildirib:
“Oyundan sonra rəqib komandanın baş məşqçisi ilə matçda baş verən münaqişədən danışdıq. Çünki köməkçisi bizə qarşı ədəbsizlik etmişdi. Bildirdim ki, bizim bütün heyətdən buna görə üzr istəmək lazımdır. O da dedi ki, məşqçinin əvəzinə mən hamınızdan üzr istəyirəm”.
Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüş 3:3 hesabı ilə yekunlaşıb.
