Maradonanın əllə qapıdan keçirdiyi həmin o top 3,3 milyona satıldı
Əfsanəvi Dieqo Maradonanın 1986-cı ildə Meksikada keçirilmiş dünya çempionatının 1/4 finalında İngiltərə millisinin qapısından keçirdiyi top ABŞ-də hərracda 3,3 milyon dollara satılıb.
"Mediasport" xəbər verir ki, top ABŞ-də “Heritage Auctions” hərracında satışa çıxarılıb.
Auksionda start qiyməti 10 milyon dollar təyin edilsə də, rekord satış reallaşmayıb.
Həmin görüşün baş hakimi tunisli Əli Bin Nasser topu 30 il öz evində saxladıqdan sonra - 2022-ci ildə 2,3 milyon dollara satmışdı.
Qeyd edək ki, Argentina və İngiltərə milli komandalarının matçında Maradonanın həmin topu əllə qapıdan keçirməsindən sonra cənubi amerikalılar qalib gəlib (2:1) sonda dünya çempionu olmuşdular.
Sonralar qələbə topunu əllə vurduğunu etiraf edən Maradona onu "Tanrının əli" adlandırmışdı.


