"Neftçi"də NÖVBƏTİ AYRILIQ - Rəhbərlə müqavilə yenilənmədi

“Neftçi” Futbol Akademiyasının direktoru Cemal Bülbül Azərbaycanı tərk edib.
"Mediasport" “Sportinfo”ya istinadən xəbər verir ki, 2022-ci ilin iyulundan burada çalışan mütəxəssis artıq Türkiyəyə qayıdıb.
Paytaxt təmsilçisi 3 ildir Akademiyada çalışan Bülbülə yeni müqavilə təklif eləməyib. 38 yaşlı direktor bir qədər gözlədikdən sonra ölkəsinə dönməyi üstün tutub.
“Karşıyaka” (2009-2010) və “Vestel Manisa”da (2011-2012) baş məşqçinin yanında təcrübəçi kimi çalışmış Cemal Bülbül “Altınordu” Akademiyasında performans və təhlil məşqçisi (2013-2017), “Göztəpə” Akademiyasının direktoru (2017-2020) və bu klubun Matç və performans təhlili və skautluq departamentində (2020-2022) işləyib.
2015-ci ilin dekabrından Türkiyə Futbol Federasiyasında matç və performans təhlili, matç təhlili və skautinq təlimçisi kimi işləyir. UEFA-nın A kateqoriyalı məşqçilik lisenziyasına malikdir.