Dioqu Jota Bakıda Azərbaycan millisinin qapısına qol vurmuşdu...

Bu gün İspaniyanın Samora bölgəsində keçirdiyi dəhşətli avtomobil qəzası nəticəsində həlak olmuş Dioqu Jota 2019-cu ildən formasını geyindiyi Portuqaliya millisinin heyətində Azərbaycan yığmasına qol vuran futbolçulardan biri olub.
"Mediasport" xəbər verir ki, mərhum forvard DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində 2021-ci il sentyabrın 7-də Bakı Olimpiya Stadionunda 3:0 hesabı ilə qalib gəldikləri matçda fərqlənmişdi.
2016-cı il Avropa çempionlarının heyətində çıxış etdiyi 49 oyuna 14 qolla yada qalan hücumçu 2019 və 2025-ci illərdə UEFA Millətlər Liqasının qalibi olmuşdu.
Qeyd edək ki, ötən ayın 22-də özünə toy etmiş 28 yaşlı Jotanın idarə etdiyi avtomobil bu səhər yoldan çıxaraq aşıb və yanmağa başlayıb.
Hadisə nəticəsində onunla yanaşı, yanında olan 25 yaşlı qardaşı, Portuqaliyanın "Penafiel" klubunun üzvü Andre Silva da vəfat edib.
Vətənində "Pakuş"un yetirməsi olan Jota 2020-ci ildən İngiltərə nəhəngi "Liverpul"da çıxış edirdi.