"Ömrümün sonuna qədər Azərbaycana minnətdar olacağam"

"Ömrümün sonuna qədər Azərbaycana minnətdar olacağam"

"Ömrümün sonuna qədər Azərbaycana minnətdar olacağam. Hazırda futbolda sahib olduğum hər şeyi mənə bu ölkə verib".

"Mediasport" xəbər verir ki, bu sözləri "Sabah"ın futbolçusu Aleksey İsayev deyib.

Milli komandamızın da formasını geyinən yarımmüdafiəçi Rusiya mətbuatına müsahibəsində UEFA Çempionlar Liqasında Liqa mərhələsinə vəsiqə qazanmaqlarından söz açıb, Azərbaycana çox borclu olduğunu vurğulayıb:

"Çox inanırdım. Adrenalin həddindən artıq yüksək idi. Əslində arzum gerçəkləşdi, mən bu hədəfə doğru məqsədyönlü şəkildə irəliləyirdim. Düşünürəm ki, xəyalıma həqiqətən çatdığımı püşkatma zamanı anlayacağam.

Azərbaycan...Bura mənim ikinci evimdir, övladlarım burada böyüyür. Aydındır ki, Sibir mənim birinci evimdir, mən sibirliyəm. Orada doğulub böyümüşəm, anam, bacım, hər kəs oradadır. Amma Bakı mənim üçün ikinci evdir".

O, Azərbaycan çempionatının səviyyəsinin kifayət qədər yüksək olduğunu bildirib:

"Rusiyada demək olar ki, hamı Azərbaycan çempionatının zəif olduğunu düşünür. Amma düzünü deyəcəyəm, artıq səkkiz ildir buradayam və çox güclü komandalar var.

İndi Kurban Berdiyev özünəməxsus dəsti-xətti olan "Turan Tovuz"da işləyir. "Neftçi" Azərbaycan futbolunun əbədi flaqmanıdır.

"Qarabağ" haqqında isə ümumiyyətlə susuram, heç nə demirəm. Hələ "Zirə" və başqa komandalar da var. Çempionat çox çətindir, rəqabətə davamlıdır.

Düşünürəm ki, "Qarabağ" və "Sabah" Rusiya Premyer Liqasında heç kimə uduzmaz".

Rusiya yığmasında oynamağı arzulayan A.İsayev sonda Azərbaycan pasportu almasından danışıb:

"Bu qərarı vermək mənə çox çətin oldu, yalan danışmayacağam. Pasportu almaqda tərəddüd edirdim. Axı mən Rusiya millisində oynamaq xəyalı ilə yaşayan Krasnoyarskdan olan bir oğlan idim.

Lakin artıq ikinci dəfə məni çağırdıqları vaxt başa düşdüm ki, zaman çox sürətlə keçir və qərar qəbul etmək lazımdır. Əgər yaxşı futbolçusansa, pasport heç bir rol oynamır.

Milli komandada Portuqaliyaya qarşı oyunda debüt etdim və bu günə qədər artıq 30-dan çox oyun keçirmişəm. Azərbaycan millisində çıxış etdiyimə, ikinci evimi təmsil etdiyimə görə qürur duyuram".