Ətiniz tökülsün...Meksikalı səfirlə görüş nə deməkdi, siz Allah?!

Dünən
"Turan Tovuz"un Kürdəxanı qəsəbəsində yerləşən Hünər təlim-məşq bazasının inşası çərçivəsində nəzərdə tutulan standart ölçülü təbii örtüklü meydançalardan ilkinin açılış mərasimi keçirilib.
Mərasimdə millət vəkilləri Arzu Nağıyev və Azər Allahverənov, “Turan Tovuz” PFK-nın İdarə Heyətinin sədri Ehtiram Quliyev, idarə heyəti üzvləri, futbol veteranları, futbol ictimaiyyəti və media nümayəndələri iştirak ediblər.
Yəni Azərbaycan futboluna məsul qurum - AFFA xaric, demək olar ki, aidiyyəti olan-olmayan hər kəs açılışda idi. Bircə federasiyanın qalstuklu-qalstuksuz, quru bəylərindən savayı.
Bu gün
AFFA-nın baş katibi Cahangir Fərəcullayev Meksikanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mariya Viktoriya Romero Kabalyero ilə görüşüb.
AFFA-nın inzibati binasında baş tutan görüşdə futbol sahəsində ikitərəfli münasibətlərin inkişaf imkanları müzakirə edilib.
Qalstuklu Cahangir müəllim Fərəcullayev heç bir məntiqi olmayan görüşdə iştirak edib...
Biz deyirik, yeni rəhbərlik ölkə futbolunu plaza kimi idarə edir, inanmırsız. Bunların aləmində 3-4 dənə müasirfason ingilis sözü öyrəndin, olursan kuul idarəçi.
***
Ölkədə futbola, onun inkişafına birbaşa cavabdeh olan qurumun, rəhbərliyinin bu iki xəbər arasında əlaqəsini tapa bildiz? Axtarmayın.
Meksikanın Azərbaycandakı səfiri ilə görüşən federasiya rəhbərliyinə faktiki cavabdehlik daşıdığı istiqamətdə hansısa stadionun-bazanın açılışı o qədər lazımsızdı ki.
İnkişaf Strategiyasını-zadı boş verin, ətimizi tökməyin. Ətiniz tökülsün.
Dedim axı, ölkə futbolunu ofis işi kimi idarə edirlər, öz aləmlərində.
Bir dönəm Mübariz Mənsimovla Hafiz Məmmədov vardı, dolayısı ilə dövlətdən və ya lap elə ciblərindən, şəxsi bizneslərindən Azərbaycan futboluna milyonlar yatırdılar, nəticə? - "Bakı"nın bazasının yerində "novostroyka" tikirik, Lənkəran stadionunda isə qoyun otarırıq. Vəssalam da!
Allah üçüncüsündən uzaq eləsin. Vay o günə ki, iki ildən çoxdur Tovuz stadionunun ot örtüyünün dəyişdirilməsindən ötrü AFFA-dan kömək istəyən Ehtiram Quliyev küsə, küsdürülə.
Olmayan futbolumuzun küməsi onda yerla-yeksan olacaq.
Bəs 4-5 milyona yazdırılmış İnkişaf Strategiyası?
Nə strategiya e..
AYXAN