Dünya üçüncüsü: "Qurban Qurbanov möhtəşəm məşqçidir"
“Qarabağ”ın oyunlarını izləyirəm. Azərbaycan çempionu sürprizlər etməyə davam edir”.
"Mediasport" xəbər verir ki, bu sözləri "Azərtac"a açıqlamasında Türkiyə milli komandasının sabiq futbolçusu Yıldıray Baştürk deyib.
2002-ci il dünya çempionatının bürünc medalçısı Ağdam təmsilçisinin Avropanı lərzəyə gətirdiyini deyib:
“Çox yaxşı komanda formalaşıb. Qurban Qurbanov möhtəşəm məşqçidir. Yaxşı futbol oynayaraq, bütün Avropanın sürprizinə çevriliblər.
Pley-off şanslarını “Liverpul” kimi rəqiblə son oyuna saxlamaları vəziyyəti çətinləşdirir. Bu mərhələyə qədər gəlib çıxmaları həqiqətən çox böyük əzmkarlığın göstəricisidir və olduqca önəmli uğurdur.
Bu matçdakı şanslarına gəlincə, Mersisayd təmsilçisi sözsüz ki, çox nüfuzlu, Çempionlar Liqasında böyük təcrübəyə malik komandadır. Buna görə də görüş çox çətin keçəcək.
Lakin “Qarabağ” indiyə qədər göstərdiyi performansı meydanda sərgiləyə bilsə, bir xal qazanmaq şansı ola bilər. Təbii ki, bunun üçün Azərbaycan klubu adına xüsusi bir gün olmalıdır. Eyni zamanda, rəqib də yaxşı vəziyyətdə olmamalıdır. Amma niyə də yox? Futbolda hər şey mümkündür”.
Vaxtilə Almaniyanın “Bayer” (Leverkuzen) və İngiltərənin “Blakbörn” komandalarının formasını geyinmiş Y.Baştürk “Qarabağ”ın heyətində xüsusi olaraq hansı futbolçunu fərqləndirmək istəmədiyini söyləyib:
“Onlar komanda olaraq nümuməvi futbol nümayiş etdirirlər. “Qarabağ” güclü komanda ruhuna sahibdir. Bu, Azərbaycan təmsilçisinin ən böyük üstünlüklərindən biridir”.
Qeyd edək ki, “Liverpul” - “Qarabağ” görüşü yanvarın 28-dən 29-na keçən gecə Bakı vaxtı ilə saat 00:00-da başlanacaq.
