"Qarabağ" Çempionlar Liqasında hələlik 55 milyon manat qazanıb

"Qarabağ" Çempionlar Liqasında hələlik 55 milyon manat qazanıb

UEFA Çempionlar Liqasının əsas mərhələsində ikinci tur görüşünü də qələbə ilə başa vuran “Qarabağ” büdcəsini bir qədər də zənginləşdirib.

"Mediasport" xəbər verir ki, oktyabrın 1-də Bakıda Danimarkanın "Kopenhagen" komandasını məğlub edən Ağdam təmsilçisi daha 2.1 milyon avro (təxminən 4.2 milyon manat) qazanc əldə edib.

İlk turda Portuqaliyada "Benfika" üzərində 3:2 hesablı qələbədən sonra da büdcəyə bu qədər maliyyənin daxil olduğunu nəzərə alsaq, bu iki matç "atlılar"a ümumilikdə 8.4 milyon manat gətirib.

Qurban Qurbanovun baş məşqçisi olduğu kollektivin bunadək 2-ci təsnifatdan başlayaraq Liqa mərhələsinə vəsiqə qazanmaqla təxminən 46 milyon manat irəli düşdüyünü yada salsaq, ümumi qazanc hələlik 55 milyon manata yaxındır.

Xatırladaq ki, təmsilçimizin Avropanın ən nüfuzlu klub yarışının əsas mərhələsində 6 oyunu qalıb.