"Qızıl dubl" üçün kubokun finalında əlimizdən gələni edəcəyik"

"Bütün "Qarabağ"lıları təbrik edirəm. Bu sevinci növbəti dəfə yaşadığımıza görə çox xoşbəxtəm".
Bu sözləri "Mediasport"a açıqlamasında "Qarabağ"ın direktoru Əmrah Çəlikəl deyib.
Ağdam klubunun uğurları üçün uzun illərdir çalışan funksioner növbəti çempionluq təəssüratlarını bölüşüb:
"Uğurumuzun davamı gəlsin, inşallah, 14-15 olsun. Üçüncü ulduzumuzu da görmək istəyirəm. Mövsümü "qızıl dubl"la başa vurmaq istəyirik. Bunun üçün kubokun finalında əlimizdən gələni edəcəyik. İnanıram ki, final görüşünə bütöv komanda şəklində maksimum motivasiya ilə çıxacağıq. Avrokuboklar öncəsi kuboku qazanmaq bizim üçün əlavə stimul olar".
Ə.Çəlikəl heyətə yeni oyunçuların cəlb ediləcəyini açıqlayıb:
"Təbii ki, yeni transferlərimiz olacaq. Lakin bu haqda kubokun finalından sonra daha konkret danışmaq və qərar vermək olar. İndi əsas fikrimizi kuboka yönəltmişik. Legioner limitinin ləğvi? Hamıya necə təsir edəcəksə, biz də elə. Məncə, bu, bütün klublara, büdcələrə və transferlərə təsir göstərəcək. Zamana buraxaq".
Qeyd edək ki, Əmrah Çəlikəl "Qarabağ"ın 12 çempionluğundan 10-da birbaşa pay sahibi olub.