"Sabahkı qarşılaşmanın vacibliyini yaxşı bilirik" - Tahir Gözəl

 "Sabahkı qarşılaşmanın vacibliyini yaxşı bilirik" - Tahir Gözəl

"Biz savaşan komandayıq. Bununla qürur duyuruq".

"Mediasport" xəbər verir ki, bu sözləri “Qarabağ”ın prezidenti Tahir Gözəl deyib.

Ağdam klubunun  rəhbəri UEFA Çempionlar Liqasının pley-off mərhələsində sabah Bakıda İngiltərənin “Nyukasl” komandasına qarşı keçirəcəkləri oyun barədə fikirlərini bölüşüb.

O, deyib ki, 2000-dən artıq klub arasında ilk “24-lük”də yer almaq böyük nailiyyətdir:

Bu, sözün əsl mənasında möcüzədir. Hamımız bununla qürur duyuruq. Komandamız sıx oyun qrafiki ilə çıxış edir.

Futbolçular müəyyən yorğunluq hiss etsələr də, motivasiya ən yüksək səviyyədədir. Sabahkı qarşılaşmanın vacibliyini yaxşı bilirik.

Rəqib büdcə baxımından bizdən qat-qat üstündür. Nəticənin necə olacağını indidən söyləmək çətindir”.

O, Premyer Liqada rəqabətin artmasına münasibət bildirib:

“Qarabağ”ın hədəfi Avropada uğur qazanmaqdırsa, bu tempdə bir tərəfdə itki olacaq. Bu bir faktdır. Bunu qəbul etməliyik. Həm beynəlxalq arenada, həm daxili yarışlarda oynamaq futbolçular üçün ağırdır. Hər 2-3 gündən bir oyun olur. Bunun təsir var. Bundan başqa həm də yerli klublarda möhtəşəm inkişaf var.

“Sabah” bir möcüzədir. Möhtəşəm bir komanda qurublar. Çox ağır və güclü rəqibdir. Bunu “Neftçi”nin özü barədə də demək olar. Artıq Azərbaycan çempionatında keyfiyyət artır. “Zirə” də çox güclüdür. Bizim, Azərbaycan futbolunun səviyyəsi artır. Amma “İmişli” ilə oyunda Quba stadionunun vəziyyətini görəndə insan bir az üzülür. Hamımız başa düşək ki, futbolu inkişaf etdirmək üçün infrastruktur olmalıdır”.

Tahir Gözəl klubumuzun infrastrukturla bağlı planlar qurduğunu açıqlayıb:

“Hətta bizim qarşıdakı 3 ildə planlarımız yaxşı futbolçular gətirmək də var. Amma əsas hədəfimiz yaxın 3-4 ildə çox ciddi infrastrukturun olmasıdır. Sanballı, bizə yaraşan infrastruktur yaratmalıyıq. Çempionatdakı hər klub da buna səy göstərməlidir”.

Tahir Gözəl avrokubokların növbəti mövsümünə də toxunub: “İnsan əlindən gələni etməlidir. Biz əlimizdən gələni edəcəyik. Qalanı bəxtə nə düşəcəyindən asıldıır.

Əmin ola bilərsiz ki, klubda hər kəsin motivasiyası ən yüksək səviyyədədir. “Qarabağ” o qədər gözəl, təmiz, müqəddəs ailədir. Biz savaşan komandayıq və bizdə savaşçı ruhumuz var.

Qismət olsa növbəti mövsümdə də Çempionlar Liqasında vuruşacağıq, olmasa Konfrans Liqasında. Bəlkə də xeyirlisi o olacaq. Konfrans Liqasına düşsək, sonadək gedəcəyik”.

Sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Nyukasl” oyunu saat 21:45-də start götürəcək.