"Bəzən niyyətin azarkeşlərin gözündə görünməyə bilər"

"Neftçi"də 100 oyun keçirmək böyük qürurdur. Bu formanı geyinmək mənim üçün şərəf idi".
"Mediasport" xəbər verir ki, bu sözlər “Neftçi”nin sabiq müdafiəçisi Azər Salahlıya məxsusdur.
Paytaxt təmsilçisi ilə vidalaşan müdafiəçi ürək sözlərini paylaşıb:
"Bəzən nəticə əldə etdik, bəzən də hər şey istədiyimiz kimi alınmadı. 3,5 il bundan əvvəl bu formanı geyinməyə başlamışdım. İşləməyə davam etməkdən heç vaxt vaz keçmədim. Təəssüf ki, bəzən sənin niyyətin azarkeşlərin gözündə görünməyə bilər... İndi isə yollar ayrılır. Hər kəsə təşəkkür edirəm: komanda yoldaşlarıma, məşqçilərimə, klub rəhbərliyinə və ən çox da məni həmişə tənqid edən azarkeşlərə".
Qeyd edək ki, “Neftçi” ötən həftə 7 futbolçusu ilə vidalaşıb.
Yeqor Boqomolski, Azər Əliyev, Azər Salahlı, Yuri Matias, Rəhman Hacıyev və Höccət Haqverdi ilə başa çatan müqavilələr yenilənməyib.
Həmçinin icarə müqaviləsi bitən Rüstəm Samiqullin məxsus olduğu “Sabah” klubuna qayıdıb.