"TNS Uels çempionu olub, Avropada tanınan komandadır"
"Düşünürəm ki, hər bir rəqibə hörmət etmək lazımdır. TNS Uels çempionu olub. Avropada kifayət qədər tanınan komandadır".
"Mediasport" xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas deyib.
O, UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin TNS ilə matçı haqqında fikirlərini bölüşüb:
"Daxili çempionata 10 ildən artıqdır dominantlıq edirlər. Düşünürəm ki necə oynamağından, hansı futbolu sərgiləməyindən asılı olmayaraq, əsas məsələ mentalitetdir.
Hər oyuna qələbə üçün çıxmaq mentalitetini formalaşdırmalısan. Hər rəqibə hörmət etməli və özünü ən yaxşı şəkildə hazırlamalısan".
Mütəxəssis qitənin birinci dərəcəli klub turnirinin təsnifat mərhələsinin püşkatması haqqında da danışıb:
"Püşk haqqında bunu deyim: bizə hansı komandanın düşməsi barədə sualın ünvanlanması, məncə, tamamilə 2-ci dərəcəli məsələdir. Ümumiyyətlə, o qədər də önəmli deyil.
Ən vacib olan sənin necə hazırlaşmağın, hansı formada olmağın və nə qədər istəkli, intizamlı olmağındır. Çünki rəqibin kimliyindən asılı olmayaraq, sən özünü yaxşı hazırlamısansa, hər kəs futbol oynaya bilər.
Bəlkə bu, çox sadə səslənir, amma hər kəs futbol oynamağı bacarır. Evdə və səfərdə keçiriləcək oyunlarda hər şey baş verə bilər.
Ona görə də indi etməli olduğumuz şey bu təlim-məşq toplanışına böyük istək, möhtəşəm münasibət və düzgün yanaşma ilə başlamaqdır.
Bu iki həftə ərzində ən yüksək səviyyədə hazırlaşmalı, yoldaşlıq oyunları keçirməli, oyun üslubumuzu yeniləməliyik. Oyunumuza yeni komponentlər əlavə etməliyik.
Əvvəl sahib olduğumuz keyfiyyətləri daha da inkişaf etdirməliyik və futbolçulara oynamaq istədiyimiz oyunu xatırlatmalıyıq. Məncə, yaxşı hazırlaşanda nəticə özü gəlir".
Xatırladaq ki, UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin oyunları iyulun 7-8-i və 14-15-də baş tutacaq.


