Uğursuz Maqsud Adıgözəlov bu dəfə də "kəfəni yırtdı", bəs sabah?

Uğursuz Maqsud Adıgözəlov bu dəfə də "kəfəni yırtdı", bəs sabah?

"Sabah" 2024-cü il noyabrın 25-də Vasili Berezutski ilə 2,5 illik müqavilə bağlamışdı.

Və dünən - 2025-cil iyunun 14-də rusiyalı mütəxəssislə yolların ayrıldığı açıqlandı - Təxminən 7 ay sonra.

Səbəb kimi də baş məşqçinin ailəvi səbəbi - həyat yoldaşının xəstəliyi göstərildi.

Buna söz yox, Allah şəfa versin. Hər insanın səhhətində problem yaranır.

Ancaq yeni başa çatan mövsümdə Azərbaycan Premyer Liqasının 3 ən imkanlı klubundan biri olan "Sabah"ın baş məşqçisinin göndəriləcəyi azı 3 aydır danışılır.

Berezutskinin gedişi indi təsadüfdür? Həyatda təsadüf deyilən şey yoxdur! Zərurətdən doğan reallıq var.

28 milyon manatdan çox büdcə ilə Premyer Liqada mövsümü çempion "Qarabağ"dan 41 xal (!) az olmaqla, 5-ci pillədə başa vuran Masazır klubunu, rəhbərliyi, xüsusən passiv idarəçiliyi ilə tanınan Maqsud Adıgözəlovu Azərbaycan Kuboku xilas elədi.

Uğursuz idarəçi, loru desək, bu dəfə də "kəfəni yırtdı", bəs sabah? Bəs "Sabah"? Zaman göstərəcək.

Komanda tarixində ilk titulunu qazandı və bugün-sabah UEFA Avropa Liqasının təsnifat mərhələsində meydana çıxacaq.

Belə bir məqamda baş məşqçinin göndərilməsi - mədəni formada "qarşılıqlı razılıq"la ayrılmaları, təbii ki, inandırıcı görünmür. Lakin xanım Berezutskinin haqqına girə bilmərik, can sağlığı arzulayırıq.

Elə 3-5 aydan bir baş məşqçi dəyişən, istənilən uğursuzluqda baş məşqçini "qurban" verən "Sabah" rəhbərliyinə də can sağlığı, sağlam idarəçilik diləyirik.

Belə idarə üsulu ilə sabaha ümid verə bilməzsiniz, özünüzü aldatmaqdan əl çəkin.

Krunoslav Renduliçi də siz gətirmişdiniz, bugünlərdə "Krasnodar"a tarixində ilk Rusiya çempionluğu qazandıran - sizin qovduğunuz Murad Musayevi də mən gətirməmişdim komandaya.

Görünən dağa bələdçi lazım olmaz...

AYXAN