Uğursuzluğu da üst səviyyədə qəbul etmə peşəkarlığı - YAZI
Ardıcıl 12 mövsümdür azərbaycanlı futbol azarkeşlərini sevindirərək avrokuboklarda əsas mərhələyə vəsiqə qazanan “Qarabağ” 13-də dayandı.
Baş məşqçi Qurban Qurbanovun ən sevdiyi rəqəmdə - buna taleyin acı ironiyası da demək olar.
Bu rəqəm "Şöhrət" ordenli mütəxəssis üçün xüsusi önəm daşıyır. Ayın 13-cü günündə anadan olması, mobil nömrə, maşın nömrəsi, hətta mənzilinin qapı nömrəsində və bilmədiyimiz daha haralarda 13-ün olması təsadüfi deyil.
Lakin bu dəfə düşmədi, olmadı və 12 illik avrokubok yürüşü bu mövsüm erkən başa çatdı.
Şübhəsiz, bu uğursuzluğun obyektiv və subyektiv səbəbləri var və detallar, nəticənin məsuliyyəti mütləq müzakirə olunmalı, tənqidlər səsləndirilməlidir.
Belə məqamda xüsusi diqqətçəkən məqam var, arxa plana salınmamalıdır - klub rəhbərliyinin, konkret məsul şəxslərin davranışı.
"Qarabağ"ın "Tvente"yə məğlubiyyətindən sonra nə gördük, nəyin şahidi olduq? - Klub prezidenti Tahir Gözəlin məğlubiyyətdən sonra media qarşısına çıxaraq komandanın uğursuzluğundan qaçmamasını, vəziyyətə təmkinlə münasibətini bildirməsini və xətalarından dərs çıxaracaqlarını!
Bu addım kənardan adi görünə bilər. Amma illərdir Azərbaycan futbolunun içində olan media yaxşı görür və bilir ki, bizdə ən xırda uğursuzluqda belə, nəinki klubun rəhbəri irəli çıxır, ümumiyyətlə aşağı məsuliyyətli rəhbər şəxslər də stadionun damından-bacasından, hardansa qaçaraq aradan sivişirlər.
Daim mətbuata açıq olan "Qarabağ" rəhbərliyinin - başda prezident Tahir Gözəlin, Əmrah Çəlikəlin bütün uğursuzluqlarda ortalıqda olması, gizlənməməsi, media qarşısına çıxması, səbirlə suallara cavab verməsi, komandaya, məşqçilər korpusuna qahmar çıxması həm də peşəkarlığın, sağlam yanaşmanın nümunəsidir.
Klub-komanda belə olmalıdır! "Qarabağ"ın ardıcıl 12 ildir Avropa meydanlarında ləyaqətlə addımlamasının, sevilməsinin, ciddi qəbul edilməsinin əsl səbəblərindən biri məhz bu deyilmi?!
Uğur qazanılanda sahiblənmək çox asandır. Məğlubiyyətlərə yiyə durmağa cəsarət, peşəkarlıq lazımdır.
Tahir Gözəlin, ümumi rəhbərliyin dünənki yanaşması - komandaya arxa durması, baş məşqçi və futbolçulara dəstək mesajı verməsi məhz çətin gündə onların yanında olmasına işarə idi.
Əsl idarəçilik, birlik, rəhbərlik budur. Ona görə "Qarabağ"ın dünən alınan nəticədən artıqlaması ilə dərs götürəcəyinə zərrə şübhə yoxdur. Tahir Gözəlin özünün dediyi kimi.
İnanırıq ki, "Qarabağ" Avropanın bir nömrəli klub yarışı sayılan UEFA Çempionlar Liqasının Liqa mərhələsinə düşmək səviyyəsinə qalxmasına ciddi təkan olduğu "Sabah"ın və digər təmsilçilərimizin daha da böyüməsi, peşəkarlaşması, inkişaf etməsi üçün, Azərbaycan naminə, Azərbaycan futbolu adına daha güclü qayıdacaq.
Mediasport.com.az


