Konfrans Liqasında "Zirə", "Sabah" və "Araz-Naxçıvan" üçün püşk atıldı

Konfrans Liqasında "Zirə", "Sabah" və "Araz-Naxçıvan" üçün püşk atıldı

UEFA Avropa Konfrans Liqasında III təsnifat mərhələsinin püşkü atılıb.

"Mediasport" xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərində yerləşən mənzil-qərargahında baş tutan mərasimdə Azərbaycan klubları - "Zirə", "Araz-Naxçıvan" və “Sabah”ın da potensial rəqibləri müəyyənləşib.

Bunun üçün hər üç təmsilçimiz əvvəlcə II raundu uğurla keçməlidir.

Beləliklə, “Zirə” - “Hayduk” (Xorvatiya) cütünün qalibi "Atletik" (Andorra) - "Dinamo Siti" (Albaniya) duelinin güclüsü ilə üz-üzə gələcək.

"Araz-Naxçıvan" - "Aris" (Yunanıstan) cütünün güclüsü "Omoniya" (Kipr) - "Torpedo" (Kutaisi, Gürcüstan) görüşünün qalibi ilə qarşılaşacaq.

“Sabah” - “Petrokub” (Moldova) cütünü keçən tərəfin rəqibi isə Avropa Liqasının II təsnifat mərhələsində "Levski" (Sofiya, Bolqarıstan) - "Braqa" (Portuqaliya) duelinin məğlubu olacaq.

III mərhələnin oyunları avqustun 7-də və 14-də keçiriləcək.