"Yığmanın qapıları hər bir azərbaycanlı futbolçuya açıqdır"

"Yığmanın qapıları hər bir azərbaycanlı futbolçuya açıqdır"

"Mediasport" futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuşun jurnalistlərə müsahibəsini təqdim edir.


İlk dəfə milliyə 1-ci Liqadan oyunçu dəvət etdiniz. Şahin Şahniyarovu hansı üstünlüklərinə görə yığmaya çağırmısınız?

- Onda çox keyfiyyət gördüm. Mən və məşqçilər korpusum tez-tez aşağı liqa oyunlarına baxırıq. Orada bir çox oyunçu var ki, diqqətimizi cəlb edib. Şahin da keyfiyyətli oyunçudur. Onu da dəvət etmişik ki, görək özünü necə göstərir.

Haiti ilə oynamaq kimin seçimi idi?

- Rəqiblərimiz AFFA tərəfindən danışılır, müzakirə aparılır, seçilir. Haiti okeanın o biri tərəfində yerləşir. Çox yaxşı oyunçuları var. Yaxşı, güclü liqalarda oynayırlar. Ona görə Haiti heç də zəif rəqib deyil.

Emin Mahmudovu zədəyə görə çağırmadınız?

- Yalnız Emin deyil, Abbas Hüseynov, Ceyhun Nuriyevi də qeyd etmək istəyirəm. Onlar zədəsinə, bəziləri də formada olmadıqlarına görə yığmaya dəvət almayıblar.

Legioner limitinin ləğvi ilə bağlı fikriniz necədir? Bu qərar gələcək işlərinizə necə təsir edəcək?

- Bu qərarın xeyrini görmək üçün yalnız gözləmək lazımdır. Amma başqa qərar da verilib, komanda sayı artırılıb. Qarşıdakı aylarda görəcəyik ki, bu qərarların nəticəsi bizim üçün necə olacaq.

Yoldaşlıq matçı üçün Haiti və Belarusdan başqa hansısa yığmalardan təklif var idi?

- Bayaq da buna oxşar sual oldu. Mən təklif etdim ki, 2 yoldaşlıq oyunu keçirək. O proqrama uyğun AFFA danışıqlar apardı və komandalar seçildi. Hazırkı milli komandalar toplanışı UEFA tarixlərinə düşür. Bir çox yığmalar rəsmi oyunlara çıxacaq.

Ramazan ayı davam edir, futbolçulara oruc tutmağa icazə veriləcək?

- Əlbəttə, icazə veriləcək. Bu normaldır, hörmətlə yanaşıram. Bu məsələlərə diqqət etməliyik.

1-ci Liqa oyunlarına gedirsiniz, ancaq oradan yalnız bir oyunçunu dəvət etmisiniz. Digərlərindən razı qalmadınız?

- U-17 Liqasını və əvəzedicilərin də çempionatını izləmişəm. Bu, Azərbaycan millisidir. Birdən-birə aşağı liqadan çox futbolçu cəlb edə bilmərik. Təcrübəli futbolçular da gənclərə köməklik etməli və yardımçı olmalıdırlar. Yaşından asılı olmayaraq, yığmanın qapıları hər bir azərbaycanlı futbolçuya açıqdır. Onlar özlərini göstərəndə dəvət alacaqlar.