"Barselona"nın sabiq ulduzundan "Zirə"ni sevindirəcək XƏBƏR gəldi

UEFA Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Zirə" ilə qarşılaşacaq Xorvatiyanın "Hayduk" klubunun məşhur futbolçusu İvan Rakitiç Azərbaycan təmsilçisi ilə matçlarda oynamayacaq.
"Mediasport" xəbər verir ki, 37 yaşlı yarımmüdafiəçi karyerasını başa vurub.
İsveçrənin "Bazel" komandasının yetirməsi "Şalke", "Sevilya" və "Barselona"dakı çıxışları ilə məşhurlaşıb.
Dünya çempionatının (2018) gümüş medalçısı, UEFA Çempionlar Liqası, Avropa Liqası və Superkubokunun qalibi 106 dəfə Xorvatiya yığmasının formasını geyinib.
O, 2024-cü ildən "Hayduk"da çıxış edirdi.
Xatırladaq ki, "Zirə"nin xorvatlarla görüşləri iyulun 23-də Bakıda, 31-də isə Splitdə baş tutacaq.