Dambrauskasa Litva Futbol Federasiyasının ordeni verildi

Dambrauskasa Litva Futbol Federasiyasının ordeni verildi

Bakıda Litva səfirinin iqamətgahında "Sabah" klubunun baş məşqçisi Valdas Dambrauskasa Litva Futbol Federasiyasının ordeni təqdim olunub.

"Mediasport" xəbər verir ki, tədbirdə Litva Futbol Federasiyasının prezidenti Edqaras Stankeviçius, federasiyanın vitse-prezidentləri, İcraiyyə Komitəsinin üzvləri, baş katib Rita Baqdoniyene, Kaunas rayonunun meri Valerius Makunas, Litva Futbol Federasiyasının nümayəndə heyəti, Bakıda yaşayan litvalı idmançılar və məşqçilər, həmçinin Litva icmasının üzvləri iştirak ediblər.

Tədbir iştirakçıları UEFA Millətlər Liqasının Azərbaycan – Litva oyunu öncəsi futbol və iki ölkə arasındakı dostluq münasibətləri barədə fikir mübadiləsi aparıblar.

Litvanın Azərbaycandakı səfiri Kestutis Vaşkeleviçius idman diplomatiyasının əhəmiyyətini vurğulayıb.

O bildirib ki, Valdas Dambrauskas və Rimas Kurtinaytis kimi məşqçilər, idmançılar, azarkeşlər, eləcə də müxtəlif idman federasiyaları arasında getdikcə möhkəmlənən əlaqələr Litva ilə Azərbaycan arasında futbol meydanından kənara çıxan və cəmiyyətləri bir-birinə yaxınlaşdıran bağların qurulmasına xidmət edir.

Xatırladaq ki, Valdas Dambrauskas ötən mövsüm "Sabah"la Azərbaycan Premyer Liqası və kubokun qalibi olub.

Komanda onun rəhbərliyi altında tarixində ilk dəfə mübarizə apardığı UEFA Çempionlar Liqasında Liqa mərhələsinə vəsiqə qazanıb.