AFFA-nın baş katibi: "Tovuz başqa regionlar üçün nümunədir"

AFFA-nın baş katibi: "Tovuz başqa regionlar üçün nümunədir"

"Bu gün Tovuz rayonunda futbol adına gələcəyimizin qapısını açırıq. Buradakı uşaqların hamısı bizim gələcəyimizdir”.

"Mediasport"un Tovuza ezam olunmuş əməkdaşı xəbər verir ki, bu fikirləri AFFA-nın baş katibi Cahangir Fərəcullayev səsləndirib.

Federasiya rəsmisi Tovuz şəhər stadionunda yeni inşa olunmuş akademiya binasının açılış mərasimində çıxış edib.

O, Azərbaycan futbolunun inkişafı üçün gördüyü işlərə görə “Turan Tovuz”un İdarə heyətinin sədri Ehtiram Quliyevə təşəkkürlərini çatdırıb:

Əminəm ki, burada milli komandamız üçün yeni nəsil futbolçular yetişəcək. Tovuz futbol anlamında başqa regionlar üçün də bir nümunədir. Doğrudan da vacib tədbirdir, hamını təbrik edirəm.

Bilirsiniz ki, AFFA-nın yeni strategiya planında bu cür tədbirlər bundan sonra da olacaq. İlki Tovuzda baş verir. Ehtiram Quliyevə təşəkkür edirəm ki, futbolumuza belə dəstək verir”.