Riçard Almeyda karyerasını harada davam etdirəcəyini açıqladı

Riçard Almeyda karyerasını harada davam etdirəcəyini açıqladı

"Həyat yoldaşımla düşündük, qərara gəldik ki, Braziliyaya qayıdaq. Artıq həyatda yeni səhifə açmaq lazımdır".

Mediasport.com.az xəbər verir ki, bu sözləri "Qarabağ"dan ayrılan Riçard Almeyda deyib.

Braziliyalı yarımmüdafiəçi Ağdam klubundan gedişi barədə çox düşündüyün, ailəsi ilə götür-qoy etdiyini bildirib:

"Gedişim ani olmadı, neçə vaxtdır bu barədə düşünürdüm. Bəzən elə an gəlir ki, qərar verməli olursan. Hamı "Qarabağ"a, Qurban müəllimə olan sevgimi bilir".

35 yaşlı futbolçu karyerasını harada davam etdirmək istədiyini də açıqlayıb:

"Karyeramın son dövrünü vətənimdə keçirmək istəyirəm. Braziliyada cəmi 4 oyun keçirmişəm. Daha sonra uzun müddət Portuqaliyada, Azərbaycanda çıxış etmişəm. Qərar qəbul etdim ki, öz vətənimdə də futbolun dadına baxım. Kim bilir, bəlkə bir gün məşqçi kimi Azərbaycana qayıtdım".

Xatırladaq ki, Almeyda 2012-18, 2019 və 2021-25-ci illərdə "Qarabağ"ın heyətində 376 oyun keçirib, 64 qol vurub.

O, Premyer Liqada 254 (51 qol), kubokda 31 (5 qol), avrokuboklarda 91 (8 qol) dəfə bölgə təmsilçisinin formasını geyinib, 9 dəfə Azərbaycan çempionu, 5 dəfə Azərbaycan kubokunun qalibi adını qazanıb.

Yarımmüdafiəçi 2017-23-cü illərdə Azərbaycan millisinin formasını geyinib.