Azərbaycanın Olimpiya çempionu Avropa birinciliyində 2-ci oldu

 Azərbaycanın Olimpiya çempionu Avropa birinciliyində 2-ci oldu

Monteneqronun paytaxtı Podqoritsada cüdo üzrə Avropa çempionatında fərdi yarışlara yekun vurulub.

"Mediasport" xəbər verir ki, dördüncü gündə Azərbaycanın daha üç cüdoçusu mübarizəyə qoşulub.

Olimpiya çempionumuz Zelim Kotsoyev (100 kq) finaladək uğurla addımlasa da, qızıl medal görüşündə gürcüstanlı İlya Sulamanidzeyə məğlub olaraq gümüş mükafatla kifayətlənib.

Uşanqi Kokauri (+100 kq) bürünc medal uğrunda dueldə almaniyalı Erik Abramova uduzub, Nigar Süleymanova (+78 kq) isə mübarizəni erkən başa vurub.

Qeyd edək ki, turnirdə daha əvvəl Əhməd Yusifov (60 kq), Rəşid Məmmədəliyev (73 kq), Zelim Tçkayev (81 kq) və Murad Fətiyev (90 kq) bürünc medal qazanıblar.

Bu nəticə ilə yığmamız Avropa çempionatını 10-cu pillədə bitirib. Ən yaxşı nəticəni IJF komandası göstərib.

Beynəlxalq Cüdo Federasiyasının bayrağı altında çıxış edən idmançılar 3 qızıl, 3 gümüş və 1 bürünc medal əldə ediblər.

Azərbaycan qitə birinciliyinə 12 çəki dərəcəsində 15 cüdoçu (9 kişi, 6 qadın) ilə yollanmışdı.

Avropa çempionatına sabah komanda yarışları ilə yekun vurulacaq.