Azərbaycan dünya çempionatında 9 boksçu ilə təmsil olunacaq

 Azərbaycan dünya çempionatında 9 boksçu ilə təmsil olunacaq

Oktyabrın 16-da Monteneqronun Budva şəhərində 19 yaşadək boksçular arasında dünya çempionatı start götürəcək.

Azərbaycan Boks Federasiyasından "Mediasport"a verilən məlumata görə, 12 gün davam edəcək mundiala milli komanda 9 idmançı ilə qatılacaq.

Baş məşqçi Elbrus Rzayev dünya çempionatında Əli Əliyev (50 kiloqram), Nihat Qasımov (55 kiloqram), Əli Baxışov (60 kiloqram), Şahin Aslanov (65 kiloqram), Rza Rzayev (70 kiloqram), Renat Qiyaslı (80 kiloqram) və Səfdər Məmmədzadəyə (+90 kiloqram) şans verəcək.

Qızlardan ibarət millinin baş məşqçisi İlkin Ağayev isə Banuçiçək Nəsirli (48 kiloqram) ilə Gülər Hüseynovaya (51 kiloqram) güvənəcək.

Qeyd edək ki, yarışda Emil Qurbanəliyev hakimlər sırasında yer alacaq. Anar Babanlı isə referilərin işini qiymətləndirəcək.