Xankəndi Ultramarafonunda beş ölkədən 100 atlet iştirak edəcək
Oktyabrın 8-11-də keçiriləcək III Beynəlxalq Xankəndi Ultramarafonunda beş ölkədən 100 atletin iştirakı gözlənilir.
"Mediasport" xəbər verir ki, Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə keçiriləcək ultramarafon Qəbələ şəhərində start götürəcək.
İştirakçılar 192 km məsafəni qət edərək Xankəndidə finişə çatacaqlar. Yarışda 5 ölkədən 100 idmançının mübarizə aparacağı gözlənilir.
Beynəlxalq ultramarafonun keçirilməsində əsas məqsəd sağlam həyat tərzinin və qaçış idmanının təbliği, həmçinin Azərbaycanın müxtəlif bölgələrinin idman vasitəsilə tanıdılmasıdır.
192 kilometrlik Qəbələ - Xankəndi marşrutu iştirakçıların fiziki hazırlığını və dözümlülüyünü sınayan ciddi mübarizə vəd edir.
Ultramarafon dörd mərhələdən ibarət olacaq: Qəbələ - Ağdaş (55 km), Ağdaş - Bərdə (65 km), Bərdə - Ağdam (44 km) və Ağdam - Xankəndi (28 km).
Hər mərhələnin qalibləri ayrıca təltif ediləcək, ultramarafonun ümumi qalibləri isə baş mükafata layiq görüləcəklər.
Qeyd edək ki, Xankəndi Ultramarafonu ilk dəfə 2024-cü ildə Xankəndi - Bakı marşrutu üzrə təşkil olunub.
380 km məsafəni əhatə edən yarışda dörd ölkədən 64 atlet iştirak edib. 2025-ci ildə isə ultramarafon Qəbələ - Xankəndi marşrutu üzrə keçirilib və yarışa altı ölkədən 81 idmançı qatılıb.
2026-cı ildə üçüncü dəfə təşkil olunacaq utramarafon yenidən Qəbələ - Xankəndi marşrutu üzrə keçiriləcək.

