Azərbaycan klubu Türkiyə şirkəti ilə əməkdaşlıq müqaviləsi bağladı

Azərbaycan klubu Türkiyə şirkəti ilə əməkdaşlıq müqaviləsi bağladı

“Səbail” Peşəkar Futbol Klubu ilə ölkəmizdə fəaliyyət göstərən Türkiyənin tanınan əczaçılıq şirkəti “Nobel İlaç” arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Klubdan "Mediasport"a verilən məlumata görə, "dənizçilər"in icraçı direktoru Firuz Abdulla ilə şirkətin baş direktoru Emrah Mansuroğlu arasında görüş keçirilib.

Razılaşmaya əsasən, “Nobel İlaç” cari mövsüm ərzində klubun dərman ehtiyaclarını qarşılayacaq. Bunun qarşılığında isə “Səbail”in ev oyunları zamanı “ASCO Arena”da yerləşən reklam lövhələrində şirkətin “Tylolhot” markasının əks olunduğu bannerlər yerləşdiriləcək.

Həmçinin media zonada, kluba məxsus sosial media səhifələrində “Nobel İlaç”a məxsus məhsulların əmtəə nişanlarının yer alacağı paylaşımlar ediləcək və digər xidmətlər göstəriləcək.

Görüşün yekununda isə “Səbail” tərəfindən “Nobel İlaç”a xatirə hədiyyəsi təqdim olunub.