Yoldaş Çxadadze, Fariz Nəcəfov günahkardır, ya Səbuhi Səfiyarlı?

Yoldaş Çxadadze, Fariz Nəcəfov günahkardır, ya Səbuhi Səfiyarlı?

Kaxaber Çxadadze yenə "Qəbələ"nin azarkeşlərindən üzr istəyib.

Premyer Liqada 3 aya yaxındır qələbə üzünə həsrət qalan "Sumqayıt"a aciz oyunla uduzan əyalət təmsilçisinin gürcü baş məşqçisi azarkeşlərdən sonadək komandaya dəstək olmalarını təvəqqe edib.

Son dediyi yəqin çempionatla vidalaşmaqdır. Gedişat və vecsiz, keyfiyyətsiz oyunları onu göstərir.

Bəs komanda elitanı tərk etsə, yayda və qışda gətirilən bir TIR yararsız legionerin hesabatını kim verəcək, yoldaş Kaxa? Səbuhi Səfiyarlı, yoxsa Fariz Nəcəfov?

Kimdir günahkar? Məncə, elə rəhbərlikdədir günah. Komandanı autsayder libasından çıxara bilmədiyinə görə səni orada saxladıqları üçün.

6 aydan bir qələbə qazanmağı istənilən azərbaycanlı, hətta kateqoriyası olmayan məşqçi də bacara bilər. Bunun üçün "Pro"ya nə gərək?

Azərbaycanın idman ictimaiyyəti yaxşı bilir ki, klub rəhbərliyi komandanın yaxşı yerlərə qayıtması üçün əlindən gələni, gəlməyəni edir.

Bu heyətlə son pillələrdə can çəkişməyi, vallah, mən də bacararam.

"Qəbələ"də olan legionerlərdən aşağı-yuxarı debütant "İmişli"də, "Şamaxı"da da var. Heç olmasa, onların nəticələrinə baxıb min il əvvəl aldığın "Pro"ndan həya elə.

Komandanın məqsədi görüntüdə liqada qalmaq, reallıqda çempionatda sürünməkdirsə, o zaman heyəti başdan-başa yerlilərdən qurun.

Ölmək ölməkdir də, yalandan xırıldamağın mənası nədir? Start heyətdə 3-4 azərbaycanlı oynayır, qalanı, təbii ki, legionerlərin 90 faizi sürünür...

Barı, çıxıb mətbuat konfransında süni üzrxahlıq əvəzinə etiraf et ki, həsənsoxdu legionerləri gətirməkdə səhv etmişəm, yanılmışam.

Klub üçün ürəkdən çalışan, can qoyan adamları hədəfə nöş qoyursan? Tərs ayaqda dabanına tüpürüb qaçıb gedəcəksən, ona görə?

Elvin ƏHƏD