Bakıdan regiona köçən klub 4 əcnəbi ilə müqavilə bağladı
2026/2027-ci il mövsümü üçün transfer çalışmalarını davam etdirən “Səbail” 4 əcnəbi futbolçu ilə rəsmi müqavilə imzalayıb.
"Mediasport" xəbər verir ki, son olaraq Braziliyanın “Ferroviario” klubunda çıxış etmiş 30 yaşlı hücumçu Felipe Hulkla 1+1 illik müqavilə imzalanıb.
Hulk yeni mövsümdə komandanın heyətində 99 nömrəli forma ilə çıxış edəcək.
Növbəti transfer Portuqaliyanın “Braqa” klubunun yetirməsi olan Yan Saiddir. 23 yaşlı mərkəz hücumçusu “Braqa B”nin heyətində ümumilikdə 79 qarşılaşmada 15 qol vurub.
Yan Said 9 nömrəli formanı geyinəcək.
Daha bir transfer isə son olaraq Lüksemburqun “Düdelanj" klubunda çıxış etmiş Aldo Jozue Qomeş Suareşdir (Dinho).
26 yaşlı hücumçu ötən mövsüm “Düdelanj"ın heyətində 22 qarşılaşmada 7 qola imza atıb. O, “Səbail”də 80 nömrəli forma ilə çıxış edəcək.
I Liqa təmsilçisinin digər yeni transferi isə ötən mövsümü “Şahdağ Qusar”da keçirmiş Peter Aqblevordur.
23 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb. Peter Aqblevor yeni mövsümdə komandanın heyətində 22 nömrəli forma ilə mübarizə aparacaq.


