3 komandamız bu axşam FİBA Avropa Kuboku oyunlarına çıxacaq
Bu gün Azərbaycanın üç basketbol klubu FİBA Avropa Kubokunun müntəzəm mövsümündə növbəti oyunlarını keçirəcək.
"Mediasport" xəbər verir ki, “LANDAU Lions” G qrupunun VII turunda Slovakiyanın “Prievidza” komandası ilə üz-üzə gələcək.
Bakı İdman Sarayında təşkil olunacaq qarşılaşma saat 19:00-da start götürəcək.
Erhan Tokerin rəhbərlik etdiyi kollektiv əvvəlki altı matçda bir qələbə qazanıb. “LANDAU Lions” 7 xalla qrupda sonuncu – 6-cı yerdədir.
“Gəncə” C qrupunun VII turunda Yunanıstanda “Kolossos” klubunun qonağı olacaq. Faliraki şəhərindəki “Kalliteya” idman zalında keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.
Murat Dikmenin baş məşqçisi olduğu komanda əvvəlki 6 oyunda bir qələbə qazanıb və 6 xalla qrupda sonuncu – 6-cı pillədə qərarlaşıb.
“Neftçi” isə H qrupunun VII turu çərçivəsində Latviyada “Riqa” klubu ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
İlk 6 qarşılaşmada bir qələbə qazanan “ağ-qaralar” 7 xalla qrupda sonuncu sırada yer alıblar.

