"Çelsi"nin baş məşqçisi Qurbanov haqda: "Həqiqətən inanılmazdır"

"Çelsi"nin baş məşqçisi Qurbanov haqda: "Həqiqətən inanılmazdır"

"Oyun qrafikimiz çox sıxdır. Buna görə də “Tottenhem”lə oyundan sonra bərpa prosesini burada keçməyi qərara aldıq. “Qarabağ” yaxşı komandadır, “Benfika” və “Kopenhagen”i məğlub edib".

"Mediasport" xəbər verir ki, bu sözləri İngiltərənin “Çelsi” klubunun baş məşqçisi Enso Mareska deyib.

Mütəxəssis noyabrın 5-də UEFA Çempionlar Liqasının əsas mərhələsinin 4-cü turu çərçivəsində Bakıda “Qarabağ”a qarşı keçirəcəkləri görüşdən öncə təşkil olunmuş mətbuat konfransında fikirlərini bölüşüb.

O, qarşılaşmanın asan olmayacağını qeyd edib:

“Bu səbəbdən görüşün çətin keçəcəyini düşünürəm. "Qarabağ" da bizim kimi iki qələbə qazanıb. Çox intizamlı komandadır və yaxşı təşkilatlanıb. “Qarabağ” rəqiblərini təzyiq altında saxlamağı bacarır. Bunu evdə daha yaxşı edirlər”.

E. Mareska Bakıdakı matçda heyətlə bağlı bəzi rotasiyalar edəcəyini vurğulayıb:

“Bir neçə gün əvvəl “Tottenhem”lə çox çətin oyun keçirdik. Bu gün Bakıya uçuruq. Uçuş təxminən 6 saat çəkəcək. Cümə günü isə Londona qayıdacağıq. Saat fərqinə uyğunlaşmağa çalışacağıq”.

O, Qurban Qurbanovun uzun müddətdir “Qarabağ”ın baş məşqçisi olmasına da toxunub:

“Bu, indiyədək görmədiyim bir şeydir. Həqiqətən inanılmazdır. Eyni klubda 17 il keçirmək heyrətamizdir”.

Qeyd edək ki, noyabrın 5-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq.