"Gələcək yarışlarda da onların inamını doğruldacağam”

“Yarış həmişəki kimi çox çətin keçdi. Ən çətin görüşüm final qarşılaşması oldu".
"Mediasport" xəbər verir ki, bunu yunan-Roma güləşi üzrə Azərbaycan milli komandasının üzvü Ülvi Qənizadə deyib.
Xorvatiyada keçirilmiş dünya çempionatında 72 kq çəki dərəcəsində qızıl medal qazanaraq ardıcıl ikinci il eyni uğura imza atan idmançı mundialla bağlı təəssüratlarını bölüşüb:
"Fransa güləşçisiylə 3-cü dəfə qarşılaşırdım. Çox şükür, bu dəfə də qalib gəldim. Çətin, amma sonu gözəl oldu. Ümid edirəm ki, bundan sonra da belə nəticələrlə xalqımızı sevindirəcəyəm".
O, arxayınlaşmayacağıın dilə gətirib:
"Bu nəticə məni arxayınlaşdırmamalıdır. Titulu qorumaq və artırmaq lazımdır. Üzərimdə əziyyəti olan hər kəsə - federasiya rəhbərliyinə, məşqçilər heyətinə, həkim və masajçımıza, şəxsi məşqçimə təşəkkür edirəm. Bu çempionluqda onların rolu böyükdür. Ümid edirəm ki, gələcək yarışlarda da onların inamını doğruldacağam”.