"Gördüyümüz işlərin bəhrəsini qarşıdakı yarışlarda görəcəyik”

"Gördüyümüz işlərin bəhrəsini qarşıdakı yarışlarda görəcəyik”

"Bütün idmançılarımızın medal qazanmasını istəyirdim, amma buna nail ola bilmədik. İnanıram ki, gördüyümüz işlərin bəhrəsini qarşıdakı yarışlarda görəcəyik”.

"Mediasport" xəbər verir ki, bu sözləri sərbəst güləş üzrə U-17 Azərbaycan millisinin böyük məşqçisi Hacı Əliyev deyib.

Gənc mütəxəssis Bakıda keçirilən dünya çempionatının nəticələrini dəyərləndirib.

O, uğursuz çıxış edən gənclərə dəstək lazım olduğunu qeyd edib:

“İdmançı kimi uğur qazanmaqla məşqçi kimi nəticə əldə etmək fərqli məsuliyyətdir. Sərbəst güləşdə ABŞ, Yaponiya, İran, Hindistan və Rusiya kimi güclü məktəblər var. Bu səbəbdən rəqabət son dərəcə gərgindir.

Düşünürdüm ki, doğma azarkeşlərin dəstəyi onları daha da ruhlandıracaq. Təəssüf ki, bəzi güləşçilər bunun əksini yaşadı və görüşləri cüzi fərqlə uduzdular.

Onlar hələ gəncdirlər və səhv etmələri təbiidir. Mən də idmançı karyeramda Olimpiya Oyunlarında bir səhvin bədəlini məğlubiyyətlə ödəmişəm. Buna görə onları qınamaq doğru olmaz”.

Böyük məşqçi vurğulayıb ki, onun təyinatından sonra komandanın heyətində geniş dəyişiklik edilməyib, yalnız bir çəki dərəcəsində yenilənməyə ehtiyac duyulub:

"Federasiya ilə razılaşmışıq ki, normadan 3 kiloqramdan çox artıq çəkisi olan idmançılar milli komandaya cəlb edilməyəcək. Bəzi idmançılar yarışdan əvvəl 6-7 kiloqram çəki salıblar.

Bu isə uşaq idmanında sağlam yanaşma hesab oluna bilməz. Məqsədimiz ilk növbədə sağlam və perspektivli idmançılar yetişdirməkdir”.

Xatırladaq ki, Azərbaycan milliləri U-17 dünya çempionatında ümumilikdə 29 güləşçi ilə təmsil olunublar.

Yunan-Roma güləşçilərimizdən Əli Cavadlı (45 kq), Abdurrahman Hüseynli (51 kq) və İsfahan Həsənov (80 kq) gümüş, Ömər Salmanov (48 kq), Elmir Çərkazov (60 kq) və Orxan Həbibli (65 kq) bürünc medal, sərbəst güləşçilərimizdən isə yalnız İbrahim Həsənov (51 kq) gümüş mükafat əldə edib.