Jalə Əliyeva VI İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazandı!
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında güləş yarışları davam edir.
"Mediasport" xəbər verir ki, bu gün mübarizəyə başlayan Azərbaycan təmsilçilərindən Jalə Əliyeva çempion adını qazanıb.
57 kq çəkidə yarışan idmançımız həlledici dueldə 1/8 finalda 19:10 hesabı ilə üstələdiyi türkiyəli Elvira Süleymana bu dəfə 6:2 hesabı ilə qalib gələrək qızıl medala yiyələnib.
Bu, Jalənin islamiadalarda ikinci çempionluğudur. 24 yaşlı güləşçi 2021-ci ildə Konyada (Türkiyə) da fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdı.
Yunan-Roma güləşçimiz Murad Əhmədiyev (97 kq) finalda uduzaraq gümüş mükafatla kifayətlənib.
Elnurə Məmmədova (50 kq) isə bürünc medalı boynundan asıb.
Qeyd edək ki, yarışda güləş komandamızın aktivində bunadək bir medal var idi - yunan-Roma üzrə yığmamızın liderlərindən Həsrət Cəfərov (67 kiloqram) gümüş mükafat əldə etmişdi.



